image-adilbackend

Azərbaycanda idman uğurla inkişaf edir

image-reklam_sirab_01

Artıq tarixə qovuşan 2022-ci il Azərbaycanda idmanın inkişafı və bu sahədə əldə etdiyimiz nailiyyətlər baxımından uğurlu olmuşdur. Bu inkişaf və nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir.

Cari il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bildirdi ki, “keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu”. İdmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal, o cümlədən 300-ə qədər qızıl medal qazanması bu dinamik inkişafın idman sahəsini də əhatə etdiyini əyani surətdə təsdiq edir.
Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq səviyyəli idman tədbirlərinə ev sahibliyi etmiş paytaxt Bakıda və bölgələrdə çoxlu sayda olimpiya mərkəzləri, idman kompleksləri inşa edilib və səmərəli fəaliyyət göstərir. Gəncə şəhərində Azərbaycanın ən böyük idman sarayı inşa olunur. Bütün bunlar Azərbaycanda idmanın kütləviliyinə nail olmaq və onun inkişafı üçün geniş imkanların yaradıldığının göstəricisidir. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri nəticəsində bu proses daha geniş miqyas alacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsində torpaqlarımızın Ermənistan işğalından azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda start verilmiş nəhəng bərpa və yenidənqurma işlərinin ilkin nəticələri artıq göz önündədir. Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının inşası, Şuşaya Zəfər yolunun çəkilişi və Şuşada mədəniyyət abidələrimizin bərpası, Zəngilan rayonunda inşa edilmiş “ağıllı kəndə” Ağalı kəndinin doğma sakinlərinin qayıdışı bunun bariz nümunəsidir.
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri idman sahəsindən də yan keçməyib. Artıq bu ərazilərdə müasir idman komplekslərinin inşası istiqamətində işlər başlayıb. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi hazırlanır. Yenidən qurulacaq bu stadionun yanında Olimpiya İdman Kompleksi yaradılacaq. Qeyd edilməlidir ki, 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. İşğaldan azad olunmuş digər kənd, rayon və şəhərlərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır.

İdmançılarımızın və idman mütəxəssislərimizin sosial problemlərinin həlli, onların məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olub. 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin yüksək nəticələr əldə etmiş bir qrup idmançı və idman mütəxəssislərini mükafatlandırması bu diqqət və qayğının daha bir göstəricisidir. Dövlət başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderlərini təqdim etdi.

Adil Əliyev,
Milli Məclis sədrinin müavini,
parlamentin Gənclər və idman
komitəsinin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki