image-img-20210914-wa0020backend

Azərbaycanda siyasi sistemin modernləşməsi cəmiyyətin sosial sifarişinə cavab verir

image-reklam_sirab_01

“Ümummilli lider Heydər Əliyev: “Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən, ümumi bəşəri dəyərlərdən bəhrələnən ümumi xalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Bu bir milli çərçivədə olan partiya deyil. Millətindən, dinin, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün Yeni Azərbaycan Partiyası doğma partiyadır.” Siyasi partiyalar cəmiyyətdə demokratik prosesləri təşviq edən ən vacib qurumlardan biri hesab olunur”.

Bu fikirləri Veteninfo.az-a a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da iqtidar partiyası olaraq hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edir: “Bu məqsədlə mütəmadi olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iqtidar-müxalifət dialoqunun qurulması məqsədilə keçirilən görüşlərinin müsbət nəticəsi göz qabağındadır. Belə ki, Azərbaycanda siyasi dialoq mühitinin daha da demokratikləşdirilməsi fonunda 44 günlük Vətən müharibəsi zamanı dövlətin təməl prinsiplərinin rəhbər tutularaq 43 siyasi partiyanın bəyanat qəbul edərək orduya və Ali Baş Komandana dəstək verməsi olduqca mühüm amil idi ki, bu da ictimaiyyət tərəfindən təqdirlə qarşılanaraq insanları daha həmrəy etdi, onların mübarizə əzmini artırdı. Əsas məsələ ondan ibarətdir ki, ölkənin mənafeyindən və dövlətin maraqlarından söhbət gedirsə, dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılığa gəlinməsi ən ali və ümdə vəzifə kimi müəyyənləşdirilməlidir. Siyasi sistemin daha da təkmilləşməsi baxımından siyasi partiyalarla ardıcıl və silsilə görüşlərin keçirilməsi cəmiyyətdə siyasi proseslərə yeni bir baxış, yeni bir yanaşma formalaşdırıb ki, məhz bunun özü də ölkədə cəmiyyətdaxili inamın dərinləşməsi, xaricdən isə gələ biləcək təzyiqlərin qarşısının daha da qətiyyətli alınması məsələlərində özünü büruzə verir”.

Politoloq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdısa indi partiya özünün ən parlaq dönəmlərindən birini yaşayır. Yeni Azərbaycan Partiyasının yaranması vaxtilə xalqın istəyi və zamanın tələbi idi: “Cari ilin martın 5-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Qurultay zamanı ölkə başçımızın da ifadə etdiyi kimi hal-hazırda ölkənin siyasi sistemində gedən dəyişikliklər Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifənin açılması və inkişaf mərhələsinin başlatdığı reallıqlar kontekstində bu yeni reallıqların ölkə daxilində formalaşan müasir siyasi mühitə və siyasi münasibətlərə də sirayət etməsi ilə əlaqədardır. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin ən son iclasında da mühüm qərarların alınması göstərir ki, siyasi sistemimiz modernləşir, dövrün tələbləri ilə ayaqlaşır, ən əsası isə cəmiyyətin sosial sifarişinə cavab verir. Çünki YAP-ın konsepsiyasını, fəaliyyətinin gələcək prioritet istiqamətlərini böyük uzaqgörənlik və dəqiqliklə müəyyənləşdirən Ümummili liderin ideyalarını bu gün cənab Prezident İlham Əliyev mükəmməl şəkildə realizə edir. Ümumiyyətlə, modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir. Yaradılan imkanlar da iqtidarın hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan etməsi ümummilli məsələlərdə onların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirilməsi işinə də təkan verir”.

Ş.Həsənova vurğulayıb ki, ən mühüm amillərdən biri də ölkənin yetişməkdə olan gənc nəsli ilə bağlıdır: “Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən biz gənclərin qarşısında duran vəzifələrin nədən ibarət olduğunu bir daha vurğuladı. Ölkə başçımızın da qeyd etdiyi kimi gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Eyni fikirləri cənab Prezident Bakı Dövlət Universitetinin 100 illiyi zamanı da səsləndirmiş, bildirmişdi ki, yetişməkdə olan gənc nəsil milli, vətənpərvərlik ruhunda tərbiyə almalı, mənfi xarici təsirdən uzaq olmalıdır. Əgər Vətən uğrunda canından keçən şəhidlərin əksəriyyəti gənclərdirsə, biz gənclər də onların tökülən qanına, Vətənə və dövlətə sadiq olmalıyıq. Əsas məsələ Vətən, dövlət olduqda gənclər sadəcə savadlı, bilikli olmaqla kifayətlənməli deyil, eyni zamanda dünyanının siyasi proseslərini yaxından izləməli, təhlil etməyi bacarmalı, əlbəttə ki, ən vacib amil olaraq Ümumilli Lider Heydər Əliyev ideallarına, cənab Prezident İlham Əliyevin siyasi xəttinə və onun ən yaxın silahdaşı olan ölkənin Birinci-vitse Prezidenti Mehriban Əliyevanın fəaliyyətinə sadiq olmalıdırlar. Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsindən ibarətdir ki, “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək Azərbaycanın milli maraqlarını prioritet istiqamət kimi müəyyənləşdirən cənab Prezident bu vəzifələri ən ali şəkildə icra edir. Siyasi partiyaların funksiyalarından biri də vətəndaş təşkilatlarının və maraq qruplarının geniş koalisiyaları arasında dövlətin təməl prinsipləri prioritet tutulmaqla dəstək səfərbər etmək və birləşdirməkdə əsas rol oynamaq, cəmiyyətdə etibar yaratmaqdırsa təəssüf ki, demokratik Azərbaycan cəmiyyətində çoxluğun iradəsini pozmağa, təhrif etməyə və ya qəsb etməyə meyilli olan “məkrli maraqlar”a xidmət edən, ölkə daxilində və xaricdə bəzi siyasi partiyalar və qüvvələr mövcuddur ki, onlar da ümummilli dialoq platformasından kənarda qalır, dövlətimizin ümumi maraqlarına və hədəflərinə çatmaq istiqamətində atılan addımlardan uzaq davranırlar. Bu qüvvələrin fəaliyyəti ümummilli maraqların əksinə getdiyi üçün cəmiyyət tərəfindən də qəbul olunmur, ictimai rəyə və münasibətlərə təsir göstərmir. Dövlət və xalq naminə olan həssas məsələlərdə də dövlətin təməl prinsiplərinə, ölkənin ümumi maraqlarına xidmət edərək birgə sinxron addımların atılması, ayıq-sayıq davranmaq, düşmənə qarşı mübarizədə daha da sərt mövqe tutmaq və birlik nümayiş etdirmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmək bütün siyasi partiyaların ən ümdə vəzifəsi olmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki