Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür.
Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Lakin, 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu.
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq dahi öndərə müraciət etdi. Heydər Əliyev milyonlarla insanın təkidli istəyini qəbul edərək, 1993-cü ildə Bakıya gəldi və beləliklə, ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.
Ölkəmizin sabitlik diyarına çevrilməsi hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslarına görə dünyanın diqqətində olan Azərbaycana marağın daha da artmasına, 1991-1993-cü illərdə mövcud siyasi gərginliyə görə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinin aradan qaldırılmasına səbəb oldu. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə xarici şirkətlərlə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla da iqtisadi inkişafın, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu.
Ölkədə azad mətbuatın inkişafı istiqamətində bir-birindən əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu öndər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Ölkədə yaradılan demokratik şəraitin nəticəsidir ki, bu gün xeyli sayda KİV qeydiyyatdan keçib, jurnalist təşkilatları yaradılıb.
Ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu öndərin təşəbbüsü ilə 2001-ci il noyabr 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Ümummilli lider bildirmişdir: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik”. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya ətrafında sıx birləşdirdi, Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini vermək üçün səylərini birləşdirməyə çağırışlar etdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilməkdədir. 2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir.
Təbii ki, əldə edilən bütün bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır. Xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası