image-img-20211227-wa0006backend

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən  Milli həmrəylik

image-reklam_sirab_01

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi və Azərbaycan Respublikası Ali Sovetinə müraciət edildi. Dekabrın 25-də Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.
Bu gün diasporumuzun təşkilatlanması prosesi daha sürətlə gedir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli- mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək !

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki