Bu gün Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir.
1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət edərək Azərbaycan dövlətinin müstəqilliyini elan etməsindən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmində olduğunu və BMT Nizamnaməsinə sadiq qalacağını bəyan edərək BMT üzvlərindən bu nüfuzlu və mötəbər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunması məsələsini nəzərdən keçirməyi xahiş etdi. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası onun bu təşkilata üzv olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Assambleyasının 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-yə üzvlüyünə daxil olması barədə qətnamə qəbul edildi.
Azərbaycanın BMT ilə 1992-ci il martın 2-dən bu günə qədər davam edən əlaqələri xüsusi dinamika ilə inkişaf edir. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Xüsusilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.
1993-cü ilin iyun ayına qədər Azərbaycan üçün çox əlverişsiz bir vəziyyət yaranmışdı. Ulu öndər məhz bu cür ağır, məşəqqətli və təhlükəli dövrdə xalqın tələbi ilə ölkəyə rəhbər oldu. Bununla da tədricən bütün istiqamətlərdə dövlətin siyasəti sistemli və səmərəli xarakter almağa başladı. Heydər Əliyev həmin aspektdə beynəlxalq təşkilatlarla, ilk növbədə isə BMT ilə əməkdaşlığa çox böyük önəm verdi.
1994-cü və 1995-ci illərdə BMT tribunasından çıxış edərək Heydər Əliyev gənc Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin və demokratik dövlət quruculuğu konsepsiyasının əsas məqamlarını dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni demokratik və sülhsevər bir dövlət yaranıb. Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivindən xəbər verirdi.
Heydər Əliyevin BMT-yə yüksək əhəmiyyət verməsi və bu əsasda həmin təşkilatla geniş əlaqələr qurmağa başlaması öz müsbət nəticələrini verməkdədir. Hələ 1993-cü ildə BMT keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə qəbul etmişdi. Azərbaycan 1995-ci ildən başlayaraq BMT-nin çox sayda komissiya və şurasına üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət göstərir. Həmin komissiyalar sırasında UNESCO-nu, UNICEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti haqqında Komissiyanı, İnsan Hüquqları Komissiyasını, Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasını və başqalarını göstərmək olar. Bunlardan başqa, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və Ümumdünya Turizm Təşkilatının İcra Şurasına üzv seçilib. Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının da üzvüdür.
Azərbaycanın BMT-nin ixtisaslaşmış və digər qurumları ilə də yaxın əməkdaşlığı diqqəti çəkir. O sırada BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim inkişaf edən əlaqələri göstərə bilərik.
Azərbaycan UNESCO ilə də sıx əməkdaşlıq edir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan bu qurumla əlaqələr üzərində bir qədər geniş dayanmaq olar. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevin Sərəncamına əsasən, Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Elm, təhsil və mədəniyyətin dünya miqyasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan rəhbərliyi bu prosesə xüsusi diqqət yetirib. UNESCO ilə əlaqələrin yüksək sürətlə inkişaf etməsində Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva xüsusi rol oynayır. Heydər Əliyev Fondu həmin istiqamətdə daim proqramlar həyata keçirir. Onlar cəmiyyətin müxtəlif sferalarını əhatə edirlər. O cümlədən Azərbaycan mədəniyyətinin BMT xətti ilə dünyada tanıdılması istiqamətində çox əhəmiyyətli addımlar atılır. Hələ 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi Parisdə – UNESCO-nun qərargahında təntənə ilə qeyd edilmişdi. 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi orada təşkil edildi. Bütövlükdə UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. Bütün bunlar Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsində BMT ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini təsdiqləyən konkret faktlardandır. Bu gün Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və fəallığı ilə Azərbaycan-BMT münasibətləri geosiyasi, siyasi, təhlükəsizlik və digər sferalar üzrə dinamik inkişaf edir.
2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında Azərbaycan Respublikasının Baş naziri kimi çıxış edən İlham Əliyev BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd etmişdi. Bunun beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxması fonunda baş verməsini vurğulamışdı. İlham Əliyev məntiqi nəticə olaraq BMT TŞ-də müəyyən islahatların zəruri olduğunu ifadə etmişdi. Konkret olaraq, İlham Əliyev BMT mexanizmlərinin yenidən işlənməsinə olan ehtiyacı açıq ifadə etmişdi. O cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılması təklifini irəli sürmüşdü.
Bundan bir il sonra isə artıq Prezident kimi İlham Əliyev BMT Baş Assambleyasının 59-cu sessiyasında (2004-cü ilin sentyabrı) çıxış edərkən vurğulamışdı ki, “təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.
Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edildi. Həmin sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.
Bunlarla yanaşı, Azərbaycan – BMT əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr də xüsusi yer tutur. Azərbaycan BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və ona Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir.
Təbii ki, Azərbaycan – BMT münasibətlərindən bəhs edərkən Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürülməsini unutmaq olmaz. Azərbaycan seçkilərdə 155 səs əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması və ayrılıqda BMT-də böyük etibar qazanmasının əlaməti idi.
BMT ilə Azərbaycanın əməkdaşlığı bu gün yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm bu nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesin daha da sürətlənəcəyinə tam əminlik vardır.
Nəhayət Mübariz qızı Hüseynli
Bakı Slavyan Universiteti


























