image-reklam-veteninfo
image-2backend

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir

image-reklam-veteninfo

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın artıq bu formatda kənardan tərəfdaş deyil, regional proseslərin birbaşa iştirakçısı kimi çıxış etdiyini göstərir.
Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı mərhələsinin əsas xüsusiyyəti siyasi dialoqun iqtisadi və nəqliyyat layihələri ilə tamamlanmasıdır. 2026-cı ilin iyununda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında münasibətlərin geniş gündəliyi müzakirə edilib, enerji, nəqliyyat, ticarət, mədəni-humanitar əlaqələr və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıqlar əldə edilib. Prezident İlham Əliyev həmin görüşdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın dəstəyini xüsusi qeyd edərək bunu tarixi hadisə adlandırmışdı. Bu kontekstdə Türkmənistanın Azərbaycan üçün xüsusi əhəmiyyəti onun Xəzərin digər sahilində yerləşən və Mərkəzi Asiyanın böyük iqtisadi potensialını Azərbaycan üzərindən Qafqaz və Avropa istiqaməti ilə birləşdirə bilən ölkə olmasıdır. Bakı-Türkmənbaşı bağlantısı, Orta Dəhliz, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və rəqəmsal tranzit imkanları iki ölkənin maraqlarının kəsişdiyi əsas sahələrdir. 2026-cı ilin iyulunda Azərbaycan və Türkmənistan arasında tranzit daşımalarında eTIR sisteminin, yəni beynəlxalq avtomobil yükdaşımalarında gömrük prosedurlarını rəqəmsallaşdırılmasının tətbiqinə başlanması da nəqliyyat əməkdaşlığının praktiki mərhələyə keçdiyini göstərən nümunələrdəndir.
Enerji sahəsi də münasibətlərin mühüm istiqamətlərindəndir. Türkmənistan böyük təbii qaz ehtiyatlarına malikdir, Azərbaycan isə enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün formalaşmış infrastruktur və tranzit imkanlarına sahibdir. Bundan əlavə, gələcək əməkdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmaya, Xəzərin enerji potensialı və yaşıl enerji layihələri istiqamətində də genişlənə bilər.
Münasibətlərin digər mühüm tərəfi siyasi etimaddır. İki ölkə beynəlxalq təşkilatlarda bir-birinin təşəbbüslərini dəstəkləyir, Türkmənistanın neytral xarici siyasətinə Azərbaycan tərəfindən verilən siyasi dəstək də bu dialoqun mühüm elementidir. İkitərəfli münasibətlərin humanitar ölçüsü də genişlənir. 2026-cı ildə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi kimi layihələr bunun bariz sübutudur.
Ona görə də İlham Əliyevin hazırkı səfərini təkcə növbəti yüksək səviyyəli diplomatik təmas kimi qiymətləndirmək kifayət deyil. Səfər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində Xəzər bağlantısının daha sistemli şəkildə qurulması strategiyasının davamıdır. Türkmənistan isə bu strategiyada həm enerji və nəqliyyat baxımından, həm də Mərkəzi Asiyanın regional əməkdaşlıq mexanizmlərinə inteqrasiya baxımından xüsusi yer tutur.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki