image-elnare-cebrayilovabackend

Azərbaycanın Qələbəsini rəsmiləşdirən Bəyanat

image-reklam_sirab_01

44 günlük “Vətən Müharibəsi ”Azərbaycan tarixinə ən şanlı səhifə kimi yazıldı. Bu müharibədə düşmən ordusu darmadağın edildi. Vətən Müharibəsinin hər günü yeni ərazilərimizin işğaldan azad olunması, düşmənin böyük itkilər verərək geri çəkilməsi ilə müşahidə olunurdu. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinirdi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur qaldı və uzun illər davam edən işğala son qoyuldu. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. 10 noyabr bəyənatın imzalanması ilə münaqişənin həm hərbi mərhələsi sona çatdı və həm də danışıqlar masası arxasında istədiyimizə nail olduq. Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanmışdır. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən qısa müddətdə öz əsl sahiblərinə qaytarıldı. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanında idi və onun maraqlarını sonadək müdafiə edirdi. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. İki qardaş ölkə arasında əməkdaşlıq uğurla inkişaf etməkdədir. Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır.
Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bununla da bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmamışdı. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır!

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnarə Cəbrayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki