image-img-20220720-wa0035backend

Azərbaycanla Aİ arasındakı əlaqələrin genişlənməsi ölkəmizin strateji maraqlarına tam uyğundur

image-reklam_sirab_01

Bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Ursula von der Leyen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzaladıqlarını mətbuata açıqlamalarında qeyd ediblər. Müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Mətbuata birgə bəyanatında Prezident İlham Əliyev Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumundan danışarkən xatırladıb ki, enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi var: “Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var”.
Prezident qeyd edib ki, imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Ölkə başçısı bildirib ki, “Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”.
Ursula von der Leyenin sözlərinə görə, Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır: “Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək”.
O, əlavə edib ki, Aİ Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır.
Qeyd edilməlidir ki, bu sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişafında yeni səhifə açıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İttifaqa üzv dövlətlərlə ölkəmizin əlaqələri daim inkişaf edir. Hətta Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Həmin ölkələrin Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil etməsi də bu əlaqələrin yüksək səviyyədə olmasını göstərir.
Hazırda Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Həmçinin hər iki tərəf arasında əlaqələrin şaxələndirilməsi və daha da genişləndirilməsi üçün böyük potensial var. Anlaşma Memorandumu bunun bariz nümunəsidir. Xarici siyasətdə əsas prioritetləri tərəfdaşlıq, əməkdaşlıq olan Azərbaycanın Aİ ilə münasibətləri daha da genişlənəcək və bBu əməkdaşlıq ölkəmizin gəlirlərinin artmasına, beynəlxalq nüfuzunun daha da möhkəmləsinə gətirib çıxaracaq.
Bu saziş tək ölkənin deyil, bölgəmizin də qurunmasını, önəmini artıracaq. Yarana biləcək münaqişələrin qarşısının alınmasında Memorandum əhəmiyyətli sənəddir. Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaqdır.
Nəticədə qeyd etmək olar ki, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin genişlənməsi ölkəmizin strateji maraqlarına tam uyğundur.

Tufan Məmmədov – iqtisadçı ekspert

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki