image-11backend

Azərbaycanla Tacikisistan arasında əlaqələr möhkəmlənir

image-reklam_sirab_01

Cari il aprel ayının 5-də Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinə gəlib. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.

Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir və Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan və Tacikistan parlamentləri arasında da bu gün sıx əlaqələr mövcuddur.

Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna çox ağır və çətin günlərdə qədəm qoyublar. Hər iki ölkədə stabillik və əmin-amanlıq bərqarar olduqca əlaqələrin möhkəmlənməsinə zəmin yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.

Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”.

Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Məhz bu baxımdan görüşlər çox mühüm xarakter daşıyır.

Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tezliklə tarixi Şuşa şəhəri bütün dünyanın diqqətini cəlb edən turizm məkanına da çevriləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki