Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub.
Bu barədə Vətəninfo.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda səfərdə olan Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il oktyabrın 1-də Ali Məhkəmədə olub.
Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Məhkəmə-hüquq sahəsində də əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da gücləndiyi vurğulanıb. Görüşdə Azərbaycanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərinin peşəkarlığının artırılması və cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən işlər diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.