image-3backend

Bakıda saz və söz bayramı

image-reklam_sirab_01

Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdı. 18 fevral 2021-ci il tarixli Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi qərara alınmışdı. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu.
Növbəti Sərəncamda isə Aşıq Ələsgərin abidəsinin ucaldılması qeyd edilmişdi. Sərəncamın icrası ilə bağlı Xalq Rəssamı Natiq Əliyevin müəllifi və Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevin memarı olduğu əzəmətli abidə hazırlanaraq Bakının mərkəzində ucaldıldı.
Sentyabrın 30-da Bakıda ölkə mədəniyyətinin tarixinə yazılan növbəti tədbir reallaşdı. Paytaxtın mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açıldı. Abidənin açılış mərasimində Prezident İlham Əliyev, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edilməlidir ki, Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR-də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat etmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeyidlik və düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilisə kəndində qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuş yubiley konserti baş tutmuşdur.
Azərbaycanın paytaxtında Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub -böyüdüyü, yazıb- yaratdığı, toy- şənlik məclisləri keçirdiyi Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və Qərbi Azərbaycandan olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində cənab Prezident İlham Əliyevin “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”-, sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki