image-1backend

Bakıdan dünyaya növbəti geopolitik mesaj

image-reklam_sirab_01

Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə Bakıda keçirdiyi görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə maksimum səviyyədə dəstək ifadə etməsi olduqca önəmli məqamdır. Çünki Kremldə artıq tam dəqiqliyi ilə anlayırlar ki, Qərbin Cənubi Qafqaza kobud müdaxiləsinin təsirlərini məhz regional sülhü və sabitliyi təmin etməklə, bloklamaq mümkündür.
Cənubi Qafqaz dünya nəhənglərinin qarşıdurma poliqonuna çevrilib. ABŞ, Avropa Birliyi və Fransa böyük israrla Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə can atır. Rusiyanın bu regiondan sıxışdırılıb, çıxarılmasına cəhd göstərir. Bu baxımdan, Cənubi Qafqazda amansız geopolitik savaş mövcuddur.
Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olmaqla yanaşı, həm də olduqca etibarlı tərəfdaşıdır. Rəsmi Bakı bütün tərəfdaşları ilə münasibətlərin qarşılıqlı öhdəliklərinə sadiq olduğunu indiyə qədər dəfələrlə sübuta yetirib. Yəni, rəsmi Bakı dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşır. Və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaş rolunu oynamaqda davam edir.
Məsələ ondadır ki, Azərbaycan və Rusiya arasında Müttəfiqlik Fəaliyyəti barədə Moskva Bəyannaməsi mövcuddur. Hər iki tərəf bu strateji sənədin öhdəliklərini bütün istiqamətlər üzrə reallaşdırmaqda hər hansı problemin çıxmasına imkan vermir. Bu isə o deməkdir ki, Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri kifayət qədər ümidverici məzmun daşıyır. Ona görə də, indiki situasiyada Rusiya üçün Azərbaycanın siyasi-strateji və regional əhəmiyyəti daha da artıb. Və bu baxımdan, Kremlin Azərbaycanla daha genişmiqyaslı iqtisadi-ticari münasibətlərə can atmasının əsas səbəbləri tamamilə başadüşüləndir.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri də geopolitik mesaj kimi qəbul oluna biləcək manevr sayılır. Çünki bu səfər məhz Rusiyanın hərbi müttəfiqi Ermənistanın xəyanət edərək, Qərbə daha çox sığınmağa can atdığı bir mərhələyə təsadüf edir. Hər halda, buna paralel olaraq, Rusiya prezidenti Vladimir Putin məhz Ermənistanın münaqişə vəziyyətində olduğu Azərbaycanla strateji münasibətlərin inkişafına yönəlik məqsədləri ön plana çıxartmağa üstünlük verir. Və rəsmi Bakının Rusiya kimi nəhəng dövlətlə normal münasibətlər sisteminə malik olması Azərbaycanın geopolitik uğuru hesab oluna bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiyanın Cənubi Qafqazda ortaq maraqları mövcuddur. Hər iki dövlət Şimal-Cənub dəhlizinin işə salınmasına böyük əhəmiyyət verir. Çünki bu beynəlxalq dəhliz hər iki ölkənin Hind Okeanına çıxışını təmin edəcək. Beynəlxalq ticarət sahəsində yeni nəqliyyat-kommunikasiya “pəncərə”sini reallığa çevirib, maliyyə-iqtisadi gəlirləri artırmaq imkanları açmış olacaq. Və bu baxımdan, Şimal-Cənub dəhlizi ilə bağlı mövzunun iki ölkə prezidentləri tərəfindən müzakirə olunduğunu da ehtimal etmək olar.
Eyni zamanda, Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə Cənubi Qafqazda yaranmış mövcud situasiyanın da müzakirə olunduğu qətiyyən istisna deyil. Hər halda, ABŞ, Avropa Birliyi və Fransanın bu regiona yerləşmək cəhdlərinə münasibətdə hər iki strateji tərəfdaşı narahat edən məqamlar mövcuddur. Böyük ehtimalla Qərbin bu regiona kobud müdaxilə cəhdlərinə qarşı ortaq maraqlar çərçivəsində müqavimətin göstərilə biləcəyi gündəmə gətirilmiş ola bilər. Və bu, indiki situasiyada hər iki dövlət üçün geopolitik əhəmiyyət daşıyan məsələdir.
Digər tərəfdən, prezident Vladimir Putinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə maksimum səviyyədə dəstək ifadə etməsi də olduqca önəmli məqamdır. Belə ki, Kreml indi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlı tərəf rolunu oynamağa hazırdır. Çünki Kremldə tam dəqiqliyi ilə anlayırlar ki, Qərbin Cənubi Qafqaza kobud müdaxiləsinin təsirlərini məhz regional sülhü və sabitliyi təmin etməklə, azaltmaq mümkündür. Və bu önəmli məqam Azərbaycan-Rusiya münasibətlərində elə bir ciddi ziddiyyət doğru biləcək faktorun olmadığını təsdiqləyir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki