image-11backend

Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?

image-reklam_sirab_01
Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qiymətli nemətdir. Balın 40-dək növü var. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 % su, 80 %-dən çox karbohidrat, 0,4 % zülal, 0,3 % kül var. Həmçinin üzvi turşular, fermentlər, mineral və vitaminlərlə olduqca zəngindir.
AQTA-danQaynarinfo-ya bildirilib ki, mütəxəssislərin fikrincə, balın sağlamlığa olan əsas faydası onun antioksidant tərkibindən qaynaqlanır. Belə ki, təbii bal fitokimyəvi maddələr, flavonoidlər və askorbin turşusu da daxil olmaqla antioksidant rolunu oynayan bir sıra birləşmələri ehtiva edir. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur. Bal alarkən diqqətli olmaq lazımdır. Satışda “bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş məhsullar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilərdən istifadə olunur. Hətta belə məhsullara dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Belə ki, şəkər həzm sistemində parçalanaraq qana keçir, təbii bal isə parçalanmadan sürətli şəkildə qana qarışa bilir.
Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər. Balın keyfiyyətini müəyyən etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında bir sıra keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr aparılır. Laboratoriyada balın analizi orqanoleptik göstəricilər, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxaroza miqdarı, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda ağır metallar, radionüklotiodlər, pestisid qalıqları, antibiotik qalıqları və s. sınaqlar üzrə həyata keçirilir. Milli Referens Laboratoriyası mütəxəssislərin peşəkarlığının artırılması, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi məqsədilə laboratoriyalararası səriştəlilik sınaqlarında mütəmadi iştirak edir. Dünyanın əksər ölkələrinin də təmsil olunduğu beynəlxalq səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edir.
Qeyd edək ki, 20 oktyabr – 7 noyabr tarixlərində arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcəkdir. Yarmarkada satışa çıxarılacaq bal məhsulları AQTİ-nin nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında yoxlanılmışdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image