image-reklam-veteninfo
image-photo-2022-03-18-12-52-12-5backend

Bərpa olunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir.

image-reklam-veteninfo

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək  dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır.

Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bildiyimiz kimi, bərpa olunan enerji mənbələrinədən istifadə ətraf mühitin çirklənməsi baxımından da xeyli əhəmiyyətlidir. Bu baxımdan da Azərbaycan öz sözünü deməyə malikdir. Çünkü Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdən biridir. Xüsusilə, ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir. 1999-cu ildə Yaponiyanın “Tomen” şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırıb, küləyin sürətinin orta illik qiyməti v = 7,9-8,1 m/san olması müəyyən edilib və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki-iqtisadi əsaslandırma hazırlanıb.

Bumdan əlavə, bu istiqamətdə atılan addımlar da kifayət qədərdir. Buna nümunə olaraq, bu il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrini göstərmək olar.

Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda  ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar.

 

 

Vaqif Şadlinski

Əməkdar elm xadimi




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki