Gənc yaradıcı insanların – rəssamların, musiqiçilərin, yazıçıların və digər sənət adamlarının xaricdə daha geniş imkanlar axtarması son illər diqqət çəkən məsələlərdən birinə çevrilib. Yerli dəstəyin, peşəkar inkişaf imkanlarının və yaradıcılıq mühitinin kifayət qədər əlçatan olmaması istedadlı gəncləri ölkə xaricində gələcək qurmağa sövq edir.
Bəs bu proses artıq mədəniyyət sahəsi üçün ciddi həyəcan siqnalına çevrilibmi?
Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, Azərbaycanda “beyin axını” probleminə yalnız yaradıcı sahələr prizmasından yanaşmaq düzgün deyil.
Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir Pravda.az
Ekspertin sözlərinə görə, bu gün rəssamlar, musiqiçilər və yazıçılarla yanaşı, İT mütəxəssisləri, mühəndislər, həkimlər, alimlər və digər yüksək ixtisaslı gənclər də gələcəklərini xaricdə qurmağa daha çox meyl göstərirlər.
“İnsanlar təkcə yüksək maaş üçün getmirlər. Onlar daha yaxşı peşəkar mühit, inkişaf imkanları, ədalətli rəqabət, əməyin qiymətləndirilməsi, beynəlxalq təcrübə və karyera perspektivi axtarırlar. Əgər savadlı və istedadlı gənc öz ölkəsində bunları görmürsə, təbii olaraq başqa ölkədə şans axtarmağa başlayır”, – deyə Fuad Hacıyev vurğulayıb.
Ekspert hesab edir ki, burada ən düşündürücü məqamlardan biri xaricdə uğur qazanan azərbaycanlı gənclərə münasibətlə bağlıdır. Onun sözlərinə görə, biz həmin insanların beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə fəxr edirik. Lakin çox vaxt əsas sualı vermirik: Niyə həmin insan öz ölkəsində bu uğura gedən yolu tapa bilmədi?
Fuad Hacıyev problemin digər paradoksal tərəfinə də diqqət çəkib. O bildirib ki, xaricdə reytinqli universitetlərdə təhsil alan, bilik və təcrübə qazanan, daha sonra təhsilini Azərbaycanda davam etdirmək üçün ölkəyə transfer olmaq istəyən gənclər də müxtəlif bürokratik maneələrlə üzləşə bilirlər.
“Bir tərəfdən savadlı gənclərin ölkədən getməsindən narahat oluruq, digər tərəfdən isə geri qayıtmaq istəyənlərin qarşısını özümüz çətinləşdiririk. Bu, kifayət qədər ciddi ziddiyyətdir”, – ekspert deyib.
Onun fikrincə, belə vəziyyət nəticəsində tələbələr xaricdə qalmağa məcbur olur, onların təhsil və yaşayış xərclərinə hər il milyonlarla vəsait ölkədən çıxır. Daha vacibi isə xaricdə formalaşan savadlı kadr potensialının ölkəyə qayıtması əngəllənir.
Ekspertin sözlərinə görə, “beyin axını” yalnız insanların ölkəni tərk etməsi demək deyil. Bu proseslə yanaşı, bilik, təcrübə, innovasiya, yaradıcılıq və gələcək inkişaf potensialı da ölkədən uzaqlaşır.
“Artıq bu məsələdə ciddi həyəcan siqnalı verməyin vaxtıdır. Məqsəd gəncləri süni şəkildə ölkədə saxlamaq deyil. Elə bir mühit yaratmaq lazımdır ki, istedadlı insan qalmağı özü üçün daha perspektivli seçim hesab etsin. Xaricdə təhsil alan gənc isə geri qayıtmaq istəyəndə qarşısında maneə yox, imkan görsün”, – Fuad Hacıyev bildirib.
Ekspert hesab edir ki, məsələyə yalnız “beyin axınının qarşısını necə alaq?” sualı ilə yanaşmaq kifayət deyil. Eyni zamanda, “Geri qayıtmaq istəyən savadlı gənclərin qarşısını niyə özümüz kəsirik?” sualına da cavab tapılmalıdır.
“Gənclərə “get, özünə imkan tap” deyil, “burada qal, inkişaf et və dünyaya buradan çıx” deyə biləcəyimiz bir sistem qurmalıyıq”, – deyə ekspert fikrini yekunlaşdırıb.konkret.az


























