Son iki ilin reallıqlarına diqqət yetirsək hər bir tarixi günün, bayramın işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunduğunu görərik. Bu ərazilərə hər bir səfər yeni çağırış, Böyük Qayıdışın daha da sürətlənməsi üçün bir addım olmaqla yanaşı, bu torpaqların sahibi olduğumuzun və burada əbədi olacağımızın təsdiqidir.
Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra çıxışında bir daha bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan sözügedən çıxışında bu məqamı qeyd etdi ki, ilk şəhidləri məhz burada, bu yerdə vermişik.
İkinci Qarabağ müharibəsi zamanı 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Ermənilərin illərdir himayədarlarının dəstəyi sayəsində ərazilərimizdə qurduqları istehkamları dağıdan Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirməklə ilk gündən qarşısına qoyduğu hədəfə nail olmaq üçün səylər göstərdi.
Azərbaycanın hər bir sahədə yeniliklərə imza atmasında iqtisadi imkanları əhəmiyyətli rol oynayır. Belə ki, iqtisadi və maliyyə imkanlarının genişlənməsi fonunda təkmil islahatların həyata keçirilməsi, yeni təcrübələrin tətbiqi qaçılmazdır. İkinci Qarabağ müharibəsində istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirən Azərbaycan son iki ildə iqtisadi və siyasi müstəqilliyin möhkəmliyi fonunda dünya hərb tarixində yenilik olan bu mühüm addımı atmağa nail oldu. Müharibənin bitməsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına start verilməsi, cənab İlham Əliyevin mütəmadi olaraq bu ərazilərə səfərləri, bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün Fərman və sərəncamlar imzalaması, Milli Prioritetlərin təsdiqlənməsi və sair kimi mühüm addımlar Azərbaycanın öz tarixi torpaqlarına qovuşmasını necə səbirsizliklə gözlədiyini nümayiş etdirir. İki ildə görülən işlərin miqyasının genişliyi də deyilənlərin bariz nümunəsidir. Beynəlxalq standartlara cavab verən hava limanlarının qısa müddətdə tikilməsi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, avtomobil, dəmir yollarının çəkilişi Azərbaycanın bərpa işlərini qısa zamanda başa çatdırmaq üçün nə qədər səy göstərdiyini ortaya qoyur. Bu yollar həm soydaşlarımızı, həm də qonaqları işğaldan azad edilmiş ərazilərimizə qovuşdurur. Bu yollar böyük inkişaf, tərəqqi, genişmiqyaslı bərpa və quruculuq deməkdir. Erməni vandallarının viran qoyduqları ərazilərdə hazırda vəziyyət tamamilə fərqlidir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən sonra Zəngilanda «ağıllı kənd» layihəsi çərçivəsində işlər həyata keçirilib və artiq 200 nəfər bu kəndə geti qayıdaraq məskunlasıblar.
Anım Gününü tarixi Zəfərimizə gedən yolun başlandığı Füzuli rayonunda qeyd edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Şuşada oldular, Yuxarı Gövhər Ağa məscidini ziyarət edərək, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış oldular. Qeyd edilməlidir ki, ötən il dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə 32 səfəri olmuşdur ki, bunun 7-si Şuşaya idi. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturla yanaşı, tarixi və dini abidələrimizin bərpası da prioritetdir. Bu işlər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bərpa və quruculuq işlərində Heydər Əliyev Fondunun xidmətlərini yüksək dəyərləndirir.
Ümumilikdə Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlara hər səfəri tarixə çevrilərək mühüm addımların atılması ilə yadda qalır. Böyük Qayıdışın tamamilə reallaşacağı, bu torpaqlarda yeni həyatın başlanacağı gün uzaqda deyil.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


























