image-komutanbackend

“Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır”

image-reklam_sirab_01

Cəbrayıl şəhərinin düşməndən təmizlənməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev keçən il oktyabrın 4-də xalqa müraciətində elan edib. Dövlətimizin başçısı müraciətində həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu diqqətə çatdırmışdır.

Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edil­miş, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublika­mızın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. Əlli iki min nəfər əhalisi olan,1050 kvadratki­lometri əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Altı nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ermənilər işğal dövründə Cəbrayıl şəhərini və rayonun kəndlərini xarabalı­ğa çevirib, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib.

Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunun şücaətinin nəticəsi idi. Onu da xatırladaq ki, 2016-cı il Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş, Cocuq Mərcanlı kəndi ordu­muzun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi isə 2020-ci ildə uğurla reallaşdırdı. Beləliklə, Cəbrayıl bütövlükdə azad edildi.

Beləliklə, Vətən müharibəsində düşməndən təmizlənən ilk rayon, məhz Cəbrayıl oldu. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri müzəffər ordu­muz tərəfindən azad edildi, oktyabrın 4-ü isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən birinə çevrildi: Cəbrayıl şəhəri azad edildi, bütün cəbrayıllıların uzun illik həsrətinə son qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında rayonda məskunlaşmanın tez bir zamanda real­laşması üçün hazırda əməli işlər aparıldı­ğını və artıq bir neçə obyektin təməl da­şının qoyulduğunu bildirdi. Dövlətimizin başçısı daha sonra dedi: “Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən, əlbəttə, görürük ki, dövlətimizin, xalqı­mızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək”.

Prezident İlham Əliyevin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İs­tehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirakı bir neçə məqamla diqqət çəkib. Belə ki, ölkə rəhbəri burada Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və “KamAZ” ASC-nin baş direk­torunun müavini Rüstəm Şamsutdinovla görüşüb. Görüş zamanı Tatarıstan Res­publikasının Baş nazirinin müavini Füzuli Beynəlxalq Hava Limanına endiklərini bildirib və bu hava limanının yüksək səviyyədə yaradıldığını qeyd edib.

Prezident İlham Əliyevin səfər za­manı Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da bölgənin inkişafında mühüm rol oynayacaq. Bununla bağlı dövlətimizin başçısına məlumat verilərək bildirildi ki, yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaq­doldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri yaradılacaq.

Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutu­lur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılma­sı planlaşdırılır.

Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inki­şafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

Dövlətimizin başçısı tərəfindən təməli qoyulan 960 şagird yerlik akademik Meh­di Mehdizadə adına tam orta məktəb bi­nasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Bununla yanaşı, tezliklə şəhərdə daha 3 məktəbin tikilməsinə də başlanılacaq.

Cəbrayıl şəhərində10,5 hektar ərazini əhatə edən ilk çoxmənzilli yaşayış məhəlləsi isə mərhələli şəkildə tiki­lib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina inşa olunacaq və bura 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müa­sir görkəm veriləcək.

 

 

 

 

İradə Hüseynova,

Nəsimi rayon Təhsil işçisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki