image-ulvibackend

Böyük azərbaycanlı!

image-reklam_sirab_01

Adətən belə olur ki, lideri dünyaya mənsub olduğu dövlətin gücü və qüdrəti tanıdır. Coğrafi baxımdan böyük olmayan ölkələrin nümunəsində isə nadir şəxsiyyətlərə nəsib olur ki, onlar mənsub olduqları xalqı və rəhbərlik etdikləri dövləti dünyaya tanıtdıra və saydıra bilsinlər. Bütün ictimai-siyasi formasiyalar dönəmində bu, belə olub. Ümumi qaydadan istisnalar yalnız o halda baş verir ki, say tərkibindən və coğrafi ölçüsündən asılı olmayaraq, xalq xilaskarlıq və qalibiyyət missiyasını yerinə yetirməyə qadir olan tarixi şəxsiyyətini yetişdirir. Elə şəxsiyyəti ki, onun üçün xalqın və dövlətin maraqları bütün maraqların fövqündə dayanır. Uinston Çörçill dəyərli kəlamlarından birində deyirdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Böyük azərbaycanlı!” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə həmçinin qeyd edilir: “Bəzən kimlərsə əldən verilən fürsəti mövcud olan ictimai-siyasi quruluşun mürəkkəbliyi ilə izah etməyə çalışır. Tarixi şəxsiyyətin böyüklüyü ondadır ki, çətinliyə və təhlükələrə baxmayaraq, zamanın qəlibinə sığmır, əksinə, ölçü meyarını-qəlibi özü yaradır. Çünki gələcək seçkiləri yox, gələcək nəsilləri düşünür. Kim fikirləşə bilərdi ki, sovetlər dönəmində İttifaq respublikalarından birinin rəhbəri deyəcək ki, ölkəmin rəsmi dövlət dili Azərbaycan dili olmalıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında bu müddəa təsbit olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Sovet imperiyasının repressiv mahiyyətindən çəkinmədən o dövrdə belə bir təşəbbüslə çıxış etmək o demək idi ki, təkcə siyasi gələcəyini deyil, həyatını da təhlükəyə atırsan. Bunu yalnız o şəxsiyyət edə bilərdi ki, azərbaycançılıq əqidəsi və milli dövlətçilik məfkurəsi onun həyat qayəsinə çevrilir. Yalnız bu müqəddəs amalla yaşayan Lider dövrünün ağır şərtləri altında elə fitri istedad sahibi olmalı idi ki, irəli sürdüyü təşəbbüsü İttifaq rəhbərliyinə qəbul etdirə bilsin. Deməli, milli maraqlara xidmət edən təşəbbüsün mümkünsüzlüyünü dövrün qayda-qanunlarının və mürəkkəbliyinin üzərinə ancaq o rəhbərlər yıxır ki, onlar milli lider səviyyəsinə heç vaxt ucalmırlar. Ulu Öndər isə bunları ona görə edə bildi ki, O, hələ sovetlər dönəmində xalqımızın ümummilli lideri zirvəsinə ucalmışdı.

Alman filosofu Şopenhauer deyirdi: “İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələləri həll edir”. Ulu Öndər o dövrdə çoxlarının ağlına gəlməyən və həlli də mümkünsüz görünən milli atributlarımızdan birini Əsas Qanunda təsbit etməklə sübuta yetirdi ki, yalnız dahilər zamanı qabaqlaya bilirlər. Elə buna görə o da təsadüfi deyil ki, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən- 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağını Naxçıvan MR-ın dövlət rəmzi qismində təsdiq etdi və Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı ki, məhz bu bayraq Azərbaycanın dövlət rəmzi olmalıdır. O zaman sovetlər hələ dağılmamışdı, süqutuna bir ildən də artıq vaxt qalırdı. Bu addımı yalnız o tarixi şəxsiyyət ata bilərdi ki, müstəqil və milli dövlətçilik məfkurəsinə əzəldən bağlı olsun.

Nobel mükafatı laureatı Henrix Vilandın dəyərli bir kəlamı var. O deyirdi ki, dahilər heç bir işi yarımçıq qoymurlar. Ulu Öndərimiz də atdığı addımları yarımçıq qoymadı. Azərbaycan xalqı taleyinin ən çətin dönəmində – milli qürurunun sınağa çəkildiyi, milli kimliyinin suallar altına qoyulduğu, işğala məruz qaldığı, qardaş qırğınına sürükləndiyi bir vaxtda- 1993-cü ildə Heydər Əliyevin tarixi xidmətlərini unutmadığını və bütün dövrlərdə qəlbində yaşatdığını sübut etdi, düşdüyü ağır vəziyyətdən çıxmaq üçün öz liderini ikinci dəfə hakimiyyətə gətirdi. Bu, xalqımız üçün həqiqətən Qurtuluş seçimi idi: özbaşınalıqdan, qanunsuz silahlı dəstələrin fironluq etməsindən, sabaha olan inamsızlıqdan, dövlət müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən. Xalqımız Heydər Əliyevi hakimiyyətə gətirmək tələbində o dərəcədə israrlı idi ki, o zaman iqtidarda olanlar Azərbaycan xalqının tələbi və seçimi ilə hesablaşmaq məcburiyyətində qaldılar.

Heydər Əliyev fenomeni qısa zaman kəsiyində sübut etdi ki, yalnız tarixi şəxsiyyətlər xilaskarlıq missiyasını yerinə yetirməyə və xalqın özgüvənini qaytarmağa qadir olur. Ulu Öndər həyat yolu, fəaliyyəti ilə təsdiq etdi ki, hakimiyyət institutlarına ictimai etimadı böyük liderlər bərpa edə bilir. Bütün bunlar həm də ona görə mümkün oldu ki, Azərbaycan xalqı öz liderinin tarixi missiyasına inanırdı və seçimində yanılmadığına əmin idi. Ulu Öndər onu da sübut etdi ki, yalnız böyük dövlət xadimi maraqları bir-biri ilə uzlaşmayan, əks qütblərdə dayanan dünya güclərini bir araya gətirməyə qadirdir. Heydər Əliyev, geosiyasi oyunlara və çoxsaylı maneələrə baxmayaraq, 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına nail oldu və bununla da ölkəmizin iqtisadi müstəqilliyinin təməlinə imza atdı. Heydər Əliyev dühasının böyüklüyü ondadır ki, atdığı addımlar sayəsində coğrafi baxımdan elə də böyük olmayan Azərbaycan dünya siyasətinin, dünya iqtisadiyyatının əsas mərkəzlərindən birinə çevrildi. Xalqımızın 2020-ci ilin noyabrında əldə etdiyi tarixi Zəfərinin təməli də məhz o dövrdə qoyuldu. Ulu Öndərin vəfatından 17 il sonra – 2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Paradını Azadlıq meydanında keçirməklə dünyaya sübut etdi ki, Qarabağ de-yure olduğu kimi, artıq de-fakto da Azərbaycandır! Prezident İlham Əliyev Qələbə paradı ilə həm də bu mesajı verdi ki, istənilən qüvvə, istənilən güc tarixi ədaləti bərpa etməyə qadir olan Heydər Əliyev siyasi məktəbi ilə hesablaşmaya bilməz və bu siyasi seçimin ölkəmizdə alternativi yoxdur. Paradda Fəxri qonaq qismində iştirak edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan həqiqətlərini beynəlxalq birliyə bu cümlələrlə çatdırdı: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Böyük filosof C.Santayana deyirdi: “Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır”. Millətlərin, xalqların müqəddəratına gəldikdə isə, bu imtahanlar daha amansız olur. Ulu Öndərimiz şərəfli ömür yolu ilə sübut etdi ki, ağır imtahanlardan nadir xalqlar üzüağ çıxa bilir. Yalnız o xalqlar ki, xilaskarlıq missiyasını yerinə yetirməyə qadir olan milli liderini yetişdirə bilir, tərəddüd etmədən ona güvənir və sonadək arxasında dayanır. Çünki bu tarixi şəxsiyyətlər üçün mənsub olduqları xalq toplum, rəhbərlik etdikləri ölkə isə coğrafi vahid anlamına gəlmir. Məhz buna görə Heydər Əliyev deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki