image-eejpg-1669014024backend

Böyük Qayıdışa dair I Dövlət Proqramı dövlətimizin siyasi iradəsinin nümayişidir

image-reklam_sirab_01

2023-cü ilin dövlət büdcəsi layihəsinin başlıca hədəfləri sırasında Qarabağ və Şərqi Zəngəzur rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışların olması tədqirəlayiq haldır. Azərbaycan bu gün işğaldan azad etdiyi torpaqları öz gücü və imkanları ilə bərpa edir. Bu, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə dövlətimizin siyasi iradəsinin nümayişidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyevin sözlərinə görə, dövlətimiz bu proqramı qəbul etməklə dünyaya göstərir ki, bizim öz hərbi gücümüzlə torpaqlarımızı işğaldan azad etmişik. İkincisi, bizim siyasi iradəmiz var, azad edilmiş şəhər və kəndlərimizi yenidən qururuq. Üçüncüsü isə, iqtisadi qüdrətimiz var, bütün işləri öz hesabımıza edirik.

Dövlət Proqramının ambisiyalı layihələrdən ibarət olduğunu vurğulayan deputat bildirib ki, bu layihələr həm insanlarımızın doğma yurdlarına qayıtmasından sonra rahat və firavan yaşayışına hesablanıb, həm də büdcəyə gəlir gətirməyə hesablanıb. “Məsələn, götürək turizmi. 2026-cı ildə artıq bölgə ilkin turizm üçün hazır olacaq. Bu, büdcəmizə böyük miqdarda qazanc gətirəcək. Həm daxili turizm baxımından, həm də xarici. Sirr deyil ki, dünyada, ələlxüsus da Türk dünyasında Qarabağ bölgəsinə ciddi maraq var.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə illərdir ki, geniş tikinti-abadlıq işləri həyata keçirilir. Qarabağ və Zəngəzurda görülən işlər göz qabağındadır. Proqramda inşaat sektoruna da ciddi yer ayrılıb. Belə ki, 2027-ci ilədək vətəndaşlarımız üçün 30 mindən çox mənzil tikilməlidir. 200-dək təhsil ocağı, ali məktəb filialı, DOST və “ASAN xidmət”ləri də unutmamaq lazımdır”, – deyə E.Allahverdiyev diqqətə çatdırıb.

Deputat bütün bunlarla paralel olaraq infrastruktur işlərinin görüləcəyini də diqqətə çatdırıb. “Xankəndiyə qaz kəməri çəkiləcək. Dövlətimiz bütün dünyaya xatırladır ki, Xankəndi Azərbaycandır və orada yaşayan erməni millətindən olan əhali də bizim vətəndaşlarımızdır. Bütün bölgənin iqtisadi və infrastruktur bağlılığı Bakı ilə olmalıdır və olacaq.

Daha iki məqamı xüsusi qeyd etmək istəyirəm. Dövlət Proqramı bölgədə hərbi potensialımızın artırılması və möhkəmləndirilməsini nəzərdə tutur. Bu, Ermənistandakı revanşist dairələrə, onların havadarlarına və Xankəndidəki separatçılara bir ismarışdır. Bununla paralel olaraq, sənəddə sərhəd-keçid məntəqələrinin inşasının da əks olunması yekun sülh müqaviləsi, sərhədlərin müəyyən olunmasına və təbii ki, Azərbaycan ərazisinə istənilən giriş-çıxışın nəzarət altına götürülməsindən gedir”, – deyə Elnur Allahverdiyev vurğulayıb.

Deputat Dövlət Proqramı üzrə müxtəlif tədbirlərin maliyyələşdirilməsi ilə bağlı ölkəmizin beynəlxalq təşkilatların, donorların və fondların təkliflərinə açıq olmasının əhəmiyyətini də qeyd edib. Bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan potensial maliyyələşmə mənbələri sırasında beynəlxalq təşkilatların, donorların və fondların vəsaitinin göstərilməsi Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinə töhfə vermək baxımından önəmlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki