image-ilhameliyev-veteninfobackend

Böyük zəfərlərlə zəngin illər və uğurların əsasında duran siyasi peşəkarlıq 

image-reklam_sirab_01

Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş və səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdiyi sayca 8-ci rəsmi seçki olan növbədənkənar prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 %-nin səsini qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın sədri cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.  Bununla da Azərbaycan xalqı növbəti dəfə öz səsini ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursunu bir daha dəstəklədi.

İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir və bu da xalq tərəfindən dəstəklənir.

İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi illərə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illərdə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.

Prezident İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.

Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərib. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alib.

 Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi.  2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsərinə çevrildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki