image-cavansir_feyziyevbackend

Brüssel görüşü Ermənistan və Azərbaycana nə vəd edir? – Deputatdan açıqlama

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ayrıca, daha sonra üçtərəfli görüş keçirəcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev bildirib ki, Prezident İlham Əliyevin Brüssel səfəri zamanı bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.

“Artıq Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişellə və NATO Baş katibi Yens Stoltonberqlə Prezident İlham Əliyev arasında ikitərəfli görüşlər baş tutub. Şarl Mişellə görüşdə Aİ-Azərbaycan münasibətləri və əməkdaşlığın növbəti mərhələsinə keçidlə bağlı müzakirələr aparılıb. Cənubi Qafqazda cari vəziyyətin də ikitərəfli danışıqların mövzusu olduğu şübhəsizdir. NATO Baş katibi ilə görüşdə də bölgədəki post-münaqişə vəziyyətinin ətraflı müzakirə olunduğunu düşünürəm. Bu mövzunun gündəmdə olması təbiidir”, – deyə F.Feyziyev bildirib.
Deputat qeyd edib ki, 44 günlük müharibə dünyanın bir bölgəsində on illər ərzində dalana dirənmiş və bütün dünyanı narahat edən bir problemin həlli ilə nəticələnib: “Bu müharibə uzun illər beynəlxalq təşkilatların və qlobal güc sahiblərinin həll edə bilmədiyi regional etno-siyasi münaqişəyə son verib və bunu qlobal siyasətə güclü təsir edən regional hərbi-siyasi hadisə adlandırmaq olar. Azərbaycan prezidentinin qətiyyəti ilə Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş bu dəyişiklik həm Aİ-nın, həm də NATO-nun bölgədə və dünyada apardığı siyasətə təsirsiz ötüşməyəcək. Bu baxımdan cənab prezidentin Aİ Şurasının prezidenti və NATO Baş katibi ilə görüşləri hər iki tərəf üçün xüsusi maraq kəsb edir”.

C.Feyziyev bildirib ki, bundan başqa ölkə başçısı həm də Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində iki ildən bir keçirilən Şərq Tərəfdaşlığı Sammitində də iştirak edəcək.
-Brüssel səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında da görüş nəzərdə tutulub. Bu görüşdən sonra nələr dəyişəcək və ya dəyişməyəcək?
Deputat qeyd edib ki, bu görüş Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü əsasında baş tutacaq: “Əvvəlcə üçtərəfli və daha sonra ikitərəfli formatda keçirilməsi nəzərdə tutulan bu görüş müharibədən sonra iki ölkə rəhbəri arasında ilk üzbəüz görüş olacaq. Dəyişən də məhz görüş formatının birbaşa və ikitərəfli olması ilə bağlıdır. Amma bu sadəcə forma dəyişikliyidir, məzmun dəyişikliyi barədə danışa bilmərik. Bu formatda və Aİ vasitəçiliyi ilə görüş ərazidə nəyinsə dəyişəcəyinə əsas yarada bilməz”, – deyə C.Feyziyev bildirib.
-Bəs onda bu görüş kimə və nəyə lazımdır?
Deputat qeyd edib ki, heç nəyi dəyişmək iqtidarında olmasa da bu görüş bütün tərəflərə lazımdır: “Lakin bu görüşdəki maraqlar heç də eynilik təşkil etmir, yəni hərənin öz marağı var. Məsələn, cənab Şarl Mişel tərəfindən bu görüşün təşkil olunması Aİ-nı regional problemlərin həllində iştirak edən vacib siyasi qurum və qlobal güc mərkəzi kimi təqdim etmək arzusundan irəli gəlir. Amma təcrübə göstərir ki, belə mürəkkəb problemlərin həll edilməsi üçün Aİ-nın nə siyasi iradəsi, nə də lazımi təzyiq və təsir mexanizmləri var. 30 il ərzində biz gördük ki, Avropa İttifaqı bu münaqişəyə müdaxilə etmək iqtidarında deyil. Bunun səbəbləri çoxdur, amma əsas səbəblərdən biri də odur ki, heç Aİ-nın özü də bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlı deyildi”.

C.Feyziyev bildirib ki, Azərbaycan regionda sülh yaradılması ilə bağlı irəli sürülən bütün təşəbbüsləri hər zaman dəstəkləyib və bu görüşə razılıq verməklə də bir daha öz siyasi iradəsini göstərdi: “Azərbaycanın marağı bütün vasitələrdən istifadə etməklə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasına nail olmaqdan ibarətdir. Eləcə də region dövlətləri arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, canlandırmaq və bununla da bölgədə sülhü və təhlükəsizliyi möhkəmləndirmək Azərbaycanın məqsədidir.
Ermənistanın maraq və məqsədləri isə tam fərqlidir. Ermənistan yaxşı bilir ki, müharibə hansı dövlətin səyləri nəticəsində dayandırılıb və onu da bilir ki, imzaladığı üçtərəfli bəyanatlarda hansı öhdəlikləri öz üzərinə götürüb. Amma həmişə olduğu kimi, bu dəfə də öz öhdəliklərini yerinə yetirməkdən yayınmaq üçün vaxtaşırı üzünü Qərbə tutur, manevrlər etməyə cəhd göstərir. Sərhədyanı bölgələrdə və Azərbaycan ərazisində təxribatlar törətməklə, münaqişənin başa çatmadığı haqqında təsəvvür yaratmağa və bu bəhanə ilə bölgəmizdən uzaqda yerləşən digər güc mərkəzlərinin diqqətini yenidən bu bölgəyə cəlb etməyə çalışır. Ermənistan hakimiyyəti düşünür ki, Qərbdə kök salmış erməni diasporunun dəstəyi ilə beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail ola bilər və bu yolla hansısa öhdəliklərini yerinə yetirməkdən yayına bilər. Amma bu mümkün deyil, Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir.
Buna görə də Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşündən nəyinsə dəyişəcəyini düşünmürəm. Bunu “gündəliksiz görüş” də adlandırmaq olar. Çünki Azərbaycan prezidentinin Ermənistan Baş naziri ilə Brüsseldə razılaşacağı yeni heç bir məsələ yoxdur. Bütün məsələlər indiyədək keçirilən üçtərəfli görüşlərdə razılaşdırılıb”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki