image-i-lbackend

Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir

image-reklam_sirab_01

Aprel ayının 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın 23 ölkəsindən 40 nəfər nüfuzlu nümayəndənin iştirak etdiyi konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Prezident həm konfransdakı çıxışında, həm də ona verilən müxtəlif mövzularda olan sualları cavablandıraraq  bir sıra məsələlər barədə danışıb.

Prezident İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv məsələlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcəkdir. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaqdır.

Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid olan məsələdir.

Öz çıxışında ölkə başçısı bir sıra çox ciddi məsələlərə toxunub: Ermənistan əgər Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa, onu bir ada kimi təcrid etmə siyasəti yeritsə, hər şeydən çox özlərinin ziyan çəkəcəyini bildirib. Eyni zamanda quruculuq işlərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edərək, özünün baxışını, sülhsevər siyasətini qeyd edib. Bütün bunlar göstərir ki, Azərbaycan regionun aparıcı dövləti kimi Cənubi Qafqazın ən başlıca ölkəsidir. Onun iştirakı olmadan burada nə inkişaf, nə də əməkdaşlıq mümkündür.

Prezident İlham Əliyev qeyd edib ki, düz 1 il keçdi, erməni hakimiyyəti və xalqı dərk edib ki, sülh onlar üçün nə qədər vacibdir. Hazırda bütün radikal, revanşist qüvvələrlə yanaşı sülh çağırışları da vardır. Təsadüfi deyil ki, ABŞ və digər ölkələrdən müraciət edənlər Azərbaycan Respublikasının Prezidentini təqdir etdilər. Hətta təklif edildi ki, belə bir konfrans gələcəkdə Laçın şəhərində keçirilsin. Çünki Prezident bildirdi ki, gələcəkdə Ağdam, Füzuli və digər ərazilərdə də bu cür görüşlər, konfranslar keçirmək mümkündür. Bu çox real bir məsələdir. Buna görə də bu konfrans olduqca yüksək qiymətləndirilməlidir. Təsadüfi deyil ki, bütün nümayəndələr Azərbaycanı, belə bir forumun keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki