Gündəm məsələləri ilə bağlı Turkustan.az-ın sualları Milli Məclisin deputatı Cavanşir Feyziyev cavablandırır:
– Cavanşir müəllim, hazırda aktiv şəkildə yaşanan Rusiya-Ukrayna, eyni zamanda, Rusiya-Qərb qarşıdurması fonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi sanki, bir qədər arxa plana keçib. Bu təəssürat nə dərəcədə doğrudur?
– Dünyanın müxtəlif bölgələrində həmişə çox fərqli hadisələr baş verir. Rusiya-Ukrayna və ya Rusiya-Qərb qarşıdurması bu hadisələrin yalnız bir hissəsidir. Bütün bu hadisələri əsassız olaraq bir-biri ilə və xüsusilə də Ermənistan – Azərbaycan münasibətləri ilə əlaqələndirmək və ya iki Cənubi Qafqaz dövləti arasında münasibətlərin normallaşmasına hansısa təsir göstərəcəyini demək düzgün olmazdı. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması daha çox bu iki ölkənin özündən asılıdr. Bu istiqamətdə Azərbaycan bütün lazımi addımları atıb, münasibətlərin normallaşması üçün hansı addımların hansı ardıcıllıqla atılmasının vacibliyini bildirib. Hadisələrin davamı Ermənistanın nə dərəcədə adekvat addımlar atacağından asılıdır. Son günlərdə Ermənistan siyasi rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, Ermənistan höküməti də münasibətlərin normallaşdırılmasının bölgə üçün prioritet məsələ olduğunu anlayır. Amma ölkədəki daxili siyasi sabitsizlik höküməti müvafiq addımların atılmasından çəkindirir. Bütün bunlar zaman məsələsidir. Əminəm ki, Ermənistandakı bütün siyasi qüvvələr qonşu dövlətlərlə, xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının Ermənistanın özü üçün həyati zərurət olduğunu tezliklə anlayacaq, qəbul edəcək və ondan sonra hadisələr bir qədər sürətlənəcək.
– Təbii ki, Azərbaycan normallaşma, eyni zamanda, sərhədlərin müəyyənləşməsi prosesinin daha tez bir zamanda gerçəkləşməsində maraqlıdır. Hazırda, Rusiyanın gündəmini başqa mövzuların məşğul etdiyi bir vaxtda, bu məsələlərin dalandan çıxarılması üçün hansı mexanizmlər işə düşə bilər? Məsələn, Avropa İttifaqı zəmnində, bu mümkündürmü?
– Xeyr, mümkün deyil. Avropa İttifaqı heç vaxt bu münaqişə ilə birbaşa məşğul olmayıb və bu heç onların marağında da deyil. Çünki belə bir problemin çözülməsi üçün Aİ-nın müvafiq resursları da yoxdur. Nə Azərbaycan, nə də Ermənistan sərhədlərin müəyyənləşdirilməsi və ya digər məsələlərlə bağlı Rusiyaya və ya Avropa İttifaqına ümid etməməlidir. Vasitəçilərə və ya üçüncü qüvvələrə istinadların edilməsi sadəcə təbliğat xarakteri daşıyır. Bunlar iki dövlət arasında olan problemlərdir. Problemin beynəlxalq vasitəçilərin köməyi ilə 30 il ərzində həll oluna bilmədiyini və nəticədə hər iki ölkənin hansı itkilərə məruz qaldığını artıq hər iki tərəf görüb. Elə bilirəm ki, son 30 il ərzində baş verənlər və bu günkü nəticələr Ermənistan üçün dərs olmalıdır.


























