image-img-20241005-wa0018backend

Cəbrayıldan dünyaya mesajlar

image-reklam_sirab_01

İşğaldan azad olunan Cəbrayıl şəhəri doğma sakinlərini qoynuna alaraq Cəbrayıl Şəhəri Gününü böyük bayram ovqatı, sevinc içərisində qeyd edir. Vətən müharibəsində oktyabrın 4-də azad olunan Cəbrayıl şəhəri ötən il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Sərəncam Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç oldu. 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrırn 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Artıq Cəbrayıl şəhərinin azad olunmasından dörd il ötür. Bu gün Cəbrayıla köçmüş əzəli sakinlər 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününü doğma yurdda qeyd edirlər. “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”. Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib: “O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, – deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb. “Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı”, – deyən Prezident bildirib ki, Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki: “Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”.
Ölkə başçısı Azərbaycana qarşı olan düşmənçilik siyasətinin dayanmadığını bildirib. Qeyd edib ki, “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.
Dövlətimizin başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Xüsusi olaraq vurğulanıb ki, “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər”.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki