İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq…
Doğma yurdundan qovulan, olmazın zillətlərə düçar edilən, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını içimizdə böyüdüb, ölməyə qoymamışıq…
Müharibənin açdığı, sarısaq da, heç vaxt tam sağalmayan, zaman-zaman qanayan, bizi incidən yaralarımıza sığal çəkib, Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə ayaqda qalmışıq…
Nəhayət… o gün gəldi
30 il əvvəl yaşanan kədər sona çatdı!
30 illik vətən həsrəti, nisgili bitdi!
30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi!
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
10 noyabr 2020-ci il… Bu tarix Qarabağa qovuşduğumuz tarixdir!
Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişmələri 44 günlük müharibədə torpaqlarımızın azad edilməsində də öz sözünü dedi. Bu savaşda qazanılan parlaq hərbi Zəfərin təməlində dayanan əsas amillərdən biri Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı oldu. Müharibənin ilk günündən gənclərimiz silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdılar və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər sevincini xalqımıza yaşatdılar.
Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən, bu yolda müqəddəs şəhidlik məqamına ucalan qəhrəmanlarımızın böyük hissəsi məhz gənclərimiz idi. Həmin gənclər heç vaxt Qarabağı görməmişdilər. Onlar Birinci Qarabağ müharibəsinin şahidi deyildilər. Lakin ölkəmizdə həyata keçirilən gənclər siyasəti onları vətənpərvərlik ruhunda formalaşdırmışdı. Bu baxımdan Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyinin, ən yüksək milli keyfiyyətlərin daşıyıcısı olduğunu təcəssüm etdirdi.
Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.
Abdullayeva Aytən Nəsimi Rayon sakini


























