Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan etdi.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. 11 aprel 2018-ci il Prezident İlham Əliyev müsahibə verərkən belə demişdir. “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. ”Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı. Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur.
Böyük Britaniya parlamentinin üzvü Lord Devid ÇarlzEvans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”
Prezident İlham Əliyevə 2003-cü ildən Azərbaycan xalqı etimad göstərir və göstərməkdədir.Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.
Prezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin siyasətinə sadiq qalır və bu siyasəti davam etdirir.Xalqımız İlham Əliyevə inandı, onu dəstəklədi və Prezidentimiz İlham Əliyev də öz növbəsində sözlərinə əməl etdi. Son illər ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, İlham Əliyev Ulu Öndərin yolu ilə gedir. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həmçinin Prezident İlham Əliyev də inanırdı ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq. Prezident İlham Əliyev təkcə 2018-ci ildə xarici ölkələrə 16 səfər etmiş, xarici ölkələrin 16 dövlət və hökumət başçısı isə Azərbaycana səfərə gəlmişdir. Prezident İlham Əliyev xarici ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini onların diqqətinə çatdırmışdır. 2018-ci il iyulun 11-də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetlərinə dair imzalanmış sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də öz əksini tapmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək, hörmət ifadə olunmuşdur. 2018-ci ilin iyul ayında NATO-nun Brüssel Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır.Son illər ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdı. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir.
2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı.. Sosial infrastruktur inkişaf etmişdi, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilmişdi və təmir edilmişdi. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılmışdı. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzində idi.
Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.
Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”ndaAzərbaycan 35-ci pillədə qərarlaşmışdı və MDB məkanında liderliyini qoruyub saxlamışdı. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab vermişdir. 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir.
2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir.
Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. 2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuşdur. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görülmüşdür. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolu istifadəyə verilmişdir. Ümumiyyətlə, respublika üzrə 2018-ci ildə 2 min kilometr avtomobil yolu çəkilmişdir.
Ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasına daxil olmasında mühüm rol oynamışdır. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutmuşdur. 2018-ci il iyunun 26-da Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirilmişdir. 240-dan çox hərbi texnika, gəmi, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu parad Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki təchizat baxımından gücünü bütün dünyaya nümayiş etdirdi.
2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. 30-dan çox elektrik stansiyası tikilmişdi.
2018- ci ildə su təchizatı məsələləri əsasən öz həllini tapmışdır. 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır
2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüşdür. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.
Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən illər ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın 2018-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir və etməkdədir.
Humay Muradova
YAP- nın üzvü


























