image-34backend

Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalıdır”

image-reklam_sirab_01

“Son günlər işğaldan azad olunmuş ərazilərdə vətəndaşlarımızın, eləcə də xidməti vəzifələrini yerinə yetirən şəxslərin mina qurbanına çevrilməsi Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil: “Minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin göstəricisidir. Baş verən hadisələr mina terrorunun bütövlükdə erməni terrorizminin yeni forması olduğunu bir daha sübut edir. Ermənistanın beynəlxalq hüquqa və humanitar dəyərlərə, insan hüquqlarına etinasız yanaşaraq hələ də mina xəritələrinin hamısını verməkdən imtina etməsi qəbulolunmazdır. Çünki 30 il müddətində doğma yurdlarından didərgin düşmüş, əhalinin həssas təbəqəsi olan keçmiş məcburi köçkünlərin öz yurdlarına geri dönməsinə əsas maneə olan amillərdən biri ərazilərin minalanmasıdır”.

Fatma Yıldırım

Fatma Yıldırım

F.Yıldırım bildirib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib: “Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, verilmiş xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Onlar dəqiq xəritəni verməkdən imtina edirlər. Erməni hökuməti onlarda dəqiq xəritənin olduğunu etiraf etsə də, vermir və bunu siyasi şantaj predmetinə çevirir. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyinin bariz nümunəsidir”.

“Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Bu, bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təpkilər göstərməlidir”, – deputat söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki