image-1668595285327063140_1000x669backend

Deputat: Bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır

image-reklam_sirab_01

Fransa Senatı növbəti dəfə Azərbaycana qarşı qərəzli Qətnamə qəbul edib. Oxşar vəziyyət iki il əvvəl, Vətən müharibəsindən demək olar ki, dərhal sonra da müşahidə olunurdu. Amma bildiyimiz kimi, o zaman qəbul olunmuş qətnamə Senatın divarlarından kənarda heç bir qüvvəyə malik ola bilmədi. Şübhə etmirəm ki, dünən qəbul edilmiş qətnamənin də aqibəti eyni olacaq.

Bununla belə bölgəmizdə yaranmış vəziyyətə bu cür qərəzli yanaşmalar, ilk növbədə, erməni siyasətçilərinə yanlış siqnallar verir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün yerli və beynəlxalq səviyyədə göstərilən səylərə ciddi zərbə vurur. Bu qətnamə Ermənistan siyasi hakimiyyətində yersiz ümidlər yaradır və Ermənistanı üzərinə götürdüyü öhdəliklərin heç olmasa bir qismini yerinə yetirməkdən boyun qaçırmağa sövq edir. Ermənistan hökuməti anlamır ki, Senatın bu qərarı heç də ermənilərin maraqlarını qorumaq istəyindən yox, Fransanın Avropa və dünya siyasətində getdikcə azalan nüfuzunu bərpa etmək cəhdlərindən və eləcə də Cənubi Qafqaz bölgəsində özünün geostrateji maraqlarını təmin etmək arzusundan irəli gəlir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, 26 il ərzində Minsk qrupuna həmsədrlik etmiş Fransa münaqişənin çözülməsi prosesində heç bir uğur nümayiş etdirə bilmədi. Nəticədə müharibənin sonunu və münaqişənin birdəfəlik aradan qalxdığını təsdiq edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamədə Fransanın imzası yer almadı. Münaqişə Azərbaycan xalqının iradəsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun gücü ilə öz ədalətli həllini tapdı. Qırx dörd günlük müharibənin nəticələri dünyanın siyasi tarixinə Azərbaycanın uğuru, bütövlükdə ATƏT-in və ayrılıqda onun Minsk qrupunun uğursuzluğu kimi yazıldı. Öz uğursuzluqlarını həzm edə bilməyənlər bu gün Azərbaycana qarşı demarş siyasəti yürüdür və bununla da bölgəmizdə sülhün bərpa olunmasına maneçilik törətməyə çalışırlar.

“Aydın məsələdir ki, Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması xarici güclərin bölgəyə müdaxiləsini istisna etmiş olardı. Təəssüf ki, davamlı sülh vəziyyəti bəzi güc mərkəzlərini, o cümlədən Fransanı qane etmir və bu güclər bölgədə davam edən qeyri-sabitlikdən sui-istifadə etməklə özlərinin bölgə maraqlarını təmin etməyə çalışırlar. Ermənistan isə həmişə olduğu kimi beynəlxalq güc mərkəzlərinin Cənubi Qafqaz siyasətində alət rolunu oynamaqda davam edir. Ermənistan zamanın dəyişdiyini və dünyanın yeni bir inkişaf mərhələsinə qədəm qoymaq ərəfəsində olduğunu anlamır. Artıq iki ildir ki, Cənubi Qafqaz Azərbaycan tərəfindən yaradılmış yeni reallıqlar şəraitində yaşayır və belə şəraitdə bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır. Ermənistan siyasətçiləri inkar edilməsi mümkün olmayan bu reallığı qəbul etmək istəmirlər. Ona görə də dünyanın istənilən yerində özlərinə dəstək axtarır, lakin öz xalqının taleyi ilə bağlı ən mühüm qərarları özləri verməkdən yayınırlar”, – deyə deputat vurğulayıb.

O bildirib ki, bu bölgədə öz maraqlarını təmin etmək Azərbaycana təzyiq cəhdləri ilə yox, yalnız qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə mümkündür. Azərbaycan bütün ölkələrlə, o cümlədən Fransa ilə belə bir səmimi əməkdaşlığa açıqdır. Lakin Azərbaycanın hesabına öz maraqlarını təmin etmək və bu məqsədlə dövlətimizə qarşı təzyiq dili ilə danışmaq yolverilməzdir və qəbuledilməzdir. Əgər Fransa hökuməti də öz cəhdlərini məhz bu istiqamətdə davam etdirərsə, bu onun Cənubi Qafqaz siyasətinin növbəti uğursuzluğu ola bilər. Fransa hökuməti tərəfindən Senatın qətnaməsinə müvafiq olaraq destruktiv addımlar atılarsa, Azərbaycan hökumətinin də adekvat cavab addımları atmaq və qərəzçilik siyasətinin bütün hallarda uğursuzluğa məhkum olacağını göstərmək imkanları var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki