image-thumbbackend

Deputat: “Bu qiymətləndirmə Rusiyanın sülhməramlı missiyasının taleyini həll edəcək”

image-reklam_sirab_01

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəfələrlə narazılıq ifadə olunmasına baxmayaraq Rusiya federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Bəs görəsən Rusiyanın Müdafiə Nazirliyinin bu addımının məqsədir nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisi deputatı Cavanşir Feyziyev deyib ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatları Qarabağın kiçik bir hissəsində qeyri-qanuni şəkildə yerli idarəçiliklə məşğul olan separatçıların təqdim etdiyi materiallar əsasında hazırlayırlar.

“Onlar isə artıq 30 ildir ki, Azərbaycan qanunlarını pozaraq yaşayış məntəqələrimizin adlarını təhrif edirlər. Bu barədə Müdafiə Nazirliyi öz iradlarını bildirib, amma indiyədək Rusiya sülhməramlıları tərəfindən aydın bir izahat verilməyib. Eyni zamanda toponimlərin təhrif olunması ilə ermənilərin nəyəsə nail ola biləcəyini düşünmək də sadəlövhlük olardı. Ermənilər son 30 ilə yaxın bir müddətdə işğal olunmuş şəhər və kəndlərimizin adlarını dəyişdirərək saxta sənədlər tərtib edirdilər. Amma bu gün Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və digər bütün yaşayış məntəqələrimizin qanuni statusu və qədim türk adları bərpa edilib. Əminəm ki, tezliklə separatçı rejimin mövcud olduğu ərazidə də Azərbaycan yurisdiksiyası tam təmin olunmaqla bütün qeyri-qanuni əməllər aradan qaldırılacaq və Azərbaycan qanunlarını kobud şəkildə pozmuş separatçılar layiqli cəzalarını alacaqlar.

Digər tərəfdən, unutmaq olmaz ki, Rusiya sülhməramlıları Qarabağ ərazisində müvəqqəti yerləşib, cəmi 3 il sonra onların ərazidə öz xidmətlərini başa vurması və ya davam etdirməsi haqqında qərar qəbul olunmalıdır. Rusiya sülhməramlılarının ərazidə apardığı xidmətin obyektiv qiyməti o zaman veriləcək və Azərbaycan hökümətinin bu qiymətləndirməsi Rusiya sülhməramlı missiyasının taleyini həll edəcək. Düşünürəm ki, 5 illik müddət sona yaxınlaşdıqca Rusiya sülhməramlı kontingentinin rəhbərliyi və Rusiya Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bildirilən irad və etirazlara daha ciddi və həssas yanaşacaqlar”.

Deputat qeyd edib ki, Azərbaycan ərazisində, eləcə də Azərbaycanla Ermənistan arasında sərhəd boyunca ermənilərin törətdiyi təxribatlar iki ölkə arasında münasibətlərin tənzimlənməsinə mane olmaq məqsədi daşıyır.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə aparılan sülh prosesinə mane olmaq istəyən qüvvələr isə təkcə Ermənistan daxilində deyil, həm də bölgəmizdən kənarda yerləşir. Xüsusilə son həftələrdə, Avropa İttifaqının missiyasının Ermənistana gətirilməsi ilə erməni siyasi dairələrində yanlış ümidlər yaranıb. Onlar belə hesab edirlər ki, tez-tez təxribatlar törətməklə beynəlxalq birliyin diqqətini problemin “həll olunmadığına” cəlb etmək və beləliklə problemi yenidən beynəlxalq səviyyəyə çıxarmaq və bu məqsədlə də ATƏT-in Mİnsk Qrupunu diriltmək olar. Son Praqa görüşündə Fransa prezidenti Emanuel Makronun iştirakı və bu görüşdən sonra onun sülh prosesini pozmağa yönəlmiş açıqlamaları da göstərir ki, bu təxribatlar təkcə erməni siyasətçilərinin yox, həm də xarici qüvvələrin pozuculuq maraqlarına cavab verir. Lakin bu kimi səylər ermənilərin istədiyi nəticələrə gətirib çıxarmayacaq. Qarabağ münaqişəsi 44 günlük Vətən müharibəsinin nəticəsində həll olunub. Ondan sonra Azərbaycan ərazisində baş verən bütün təxribat hadisələri qanuni dövlət qurumlarına və mülki vətəndaşlara qarşı terror fəaliyyəti kimi qiymətləndirilir və müvafiq qurumlar tərəfindən adekvat tədbirlər görülür. Əgər ermənilərin terror fəaliyyəti təkrarlanarsa və ya artarsa, terrora qarşı cavab tədbirləri də daha kəskin və amansız olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki