image-16293017332668531505_367x266backend

Deputat: Prezidentin və birinci xanımın Kəlbəcərə və Laçına səfərləri erməni təxribatların arxasında dayananlara cəhdlərinin əbəs olduğuna dair mesajdır

image-reklam_sirab_01

Prezident İlham Əliyev “CNN Türk”ə verdiyi müsahibədən iki gün sonra – avqustun 16-da birinci xanım Mehriban Əliyeva ilə Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Dövlətimizin başçısı həmin müsahibədə Ermənistanın hamilərinə və dünya birliyinə kifayət qədər ciddi, açıq və sətiraltı mesajlar ünvanlamışdı. Elə bu səbəbdən, müsahibə beynəlxalq media ilə yanaşı, ölkə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bu da təsadüfi deyil. Çünki Ermənistanın atəşkəsi davamlı şəkildə pozması, müttəfiqlərindən və havadarlarından gələn qızışdırıcı və ziddiyyətli açıqlamalar cəmiyyətimiz tərəfindən yeni müharibəyə çağırış kimi qiymətləndirilir, haqlı olaraq etirazla qarşılanır. Prezidentin müsahibəsi bir daha əminlik yaratdı ki, Ermənistanın təqsiri üzündən dövlət sərhədlərimizdə, Qarabağda və Şərqi Zəngəzurda baş verən ən xırda insident belə, Azərbaycan hakimiyyətinin xüsusi diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin verdiyi açıqlamalar və səsləndirdiyi mesajlar Ermənistanın müharibədən sonrakı təxribatlarının səbəblərinə rəsmi şəkildə aydınlıq gətirdi və ictimai müzakirələrdə irəli sürülən ehtimallardan bəzilərinin əsassız olmadığını təsdiq etdi. Prezident İlham Əliyevin “Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir” məzmunlu ismarıcı, Rusiya müdafiə nazirinin Ermənistanın silahlandırılması ilə bağlı açıqlamasının sülhməramlı missiyanın mahiyyətinə uyğun olmadığının qeyd edilməsi və qonşu İrandan İslami dəyərlərə uyğun olan dost davranışı gözləntimizin vurğulanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimizin Avropa İttifaqının rəsmi mövqeyi ilə tam üst-üstə düşdüyünün altının cızılması, digər açıq və sətiraltı mesajlar əksər mətləblərə aydınlıq gətirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat vurğulayıb ki, dövlətimizin başçısı məhz bu mesajlarını ictimailəşdirdikdən sonra Kəlbəcər və Laçın rayonlarına səfər etdi. O əraziyə ki, Ermənistan son vaxtlar atəşkəsi əsasən bu istiqamətdə pozur. Səfər üçün Kəlbəcər və Laçının seçilməsi, onun məhz müsahibədən sonrakı günə təsadüf etməsi erməni təxribatlarının, buna rəvac verənlərin qarşısında ölkəmizin inamlı və qətiyyətli ali siyasi iradəsinin dayandığının nümayişidir. Prezident İlham Əliyevin səfər çıxışında söylədiyi növbəti fikir Ermənistana dirijorluq edənlərə müsahibədə ünvanladığı mesajlarının daha sərt məzmunlu məntiqi davamıdır: “Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq… Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.
Ermənistan tərəfindən atəşkəsin daha çox pozulduğu əraziyə Prezident İlham Əliyevlə Mehriban xanım Əliyevanın birgə səfər etməsi erməniləri cızığından çıxmağa təhrik edənlərə həmin cəhdlərinin əbəs olduğuna açıq ismarıcdır. Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağında inşa olunacaq 11.6 kilometr uzunluğunda tunelin təməlini qoydular, “Kəlbəcər-1” Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldular, “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3.4 kilometr uzunluğundakı tunelin təməlini atdılar, Laçın rayonunun Qorçu kəndi ərazisində Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda dəyəri milyardlarla ölçülən bu və digər layihələrə start verməklə, onları əyani şəkildə nümayiş etdirilməklə Ermənistana və onu təxribata sürükləyən dairələrə bu mesajı verdi ki, heç kim və heç bir təxribat Azərbaycanı yolundan döndərə və dayandıra bilməz.
Ülvi Quliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev səfər çərçivəsində cəmiyyətimizə də çağırış etdi: “Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır… Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər – Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”. Prezidentin bu çağırışını xatırlatmağım təsadüfi deyil, məqsədlidir. Qaragöl ətrafında tarixi və beynəlxalq hüquqla tanınan sərhədlərimizdə mövqelərimizi möhkəmləndirdikdən sonra ermənilər hay-küy saldılar ki, guya Azərbaycan onların ərazisinə keçib. Ən ağrılısı odur ki, bu hay-küyü qızışdıranlar təkcə onların xaricdəki havadarları deyildi. Təəssüf ki, öz içərimizdən olan bəziləri də kimlərinsə dirijor çubuğu ilə erməni isterikasında onlara züy tuturdular. Belələri, əsasən, AXC-Müsavat hakimiyyətində təmsil olunan və səriştəsizlikləri ucbatından xalqımız tərəfindən hakimiyyətdən qovulan, Qarabağın işğalına görə məsuliyyət daşıyan o zamankı siyasi camiyənin günümüzə qədər gəlib çatmış bəzi təmsilçiləridir. Nə qədər paradoksal görünsə də, məhz onlar hələ də barışmaz, radikal siyasi müxalifət adına iddia edir, ötən günlərinin həsrəti ilə alışıb-yanırlar. Yansınlar, amma elə ümummilli məsələlər var ki, siyasi düşərgədən asılı olmayaraq, bu cür məqamlarda qırmızı xətti keçmək və onu tapdalamaq xalqımız tərəfindən erməni dəyirmanına su tökmək, xəyanət kimi qəbul edilir. Çünki məhz belələri Ermənistanın siyasi-hərbi hakimiyyətinin və ona xaricdən havadarlıq edən məlum dairələrin yalanla dolu ritorikasını eynilə təkrarlayır, sosial şəbəkələrdə və yutub kanallarında bar-bar bağırırlar ki, guya atəşkəsi ermənilər deyil, ölkəmiz pozur. Həmin şəxslər bunu müxalifətçilik və söz azadlığı hesab edirlərsə, kökündən yanılırlar. Hakimiyyətə müxalif olmaq olar, millətə və xalqa isə əsla. Ona görə də bu cür addımlar cəmiyyətimiz tərəfindən bağışlanmır və satqınlıq kimi qiymətləndirilir. Hətta bir anlığa, yalnız nəzəri cəhətdən ehtimal etsək ki, Azərbaycan əsgəri hərbi üstünlüyümüz naminə hansısa strateji yüksəklikdə möhkəmlənib, bunu azərbaycanlı siyasətçi, politoloq və ya ekspert adı altında qəsdən qabardan birisi Azərbaycan cəmiyyətinin əfvinə və güzəştinə heç vaxt ümid edə bilməz. Nə qədər gülməli olsa da, reallıq budur ki, onların arasında vaxtilə qoz və hamam vədi ilə camaatın dilində lətifələr “qəhrəmanına” və istehza ünvanına çevrilmiş Ə.Vəzirov zehniyyətində olanlar kifayət qədərdir. Bunların içərisində eləsi də var ki, demokrat adlandırıb hələ də səcdə etdiyi, “Qarabağ Ermənistandır” söyləyən Paşinyan kimi birisinə müharibədən əvvəl səlis rus dilində bilirsiniz nə təklif edirdi? Deyirdi ki, gəlin vuruşmayaq, kimin güclü olduğunu savaş meydanında yox, şahmat lövhəsində yoxlayaq. Əgər bu təklif həmin siyasi camiyədə təmsil olunanlardan guya ən ağıllısının düşüncə tərzidirsə və beləsinin İQ (intellekt əmsalı) səviyyəsinin göstəricisidirsə, bütövlükdə onlardan ciddi nəsə gözləmək sadəlövhlükdür…
“Prezident İlham Əliyev Ermənistan və ona havadarlıq edənlərlə yanaşı, cəmiyyətimizdəki bu “ağıl” sahiblərinə də tutarlı bir mesaj verdi: “Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir… Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”. Allah yar olsun!”, – deyə deputat fikrini tamamlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki