Azərbaycanda səhiyyə sektorunda vətəndaş hüquqlarının pozulması, eləcə də şəffaflığın arxa plana keçirilməsi halları bitib-tükənmək bilmir. Paytaxtda fəaliyyət göstərən “İmplantium” dental klinikası ilə bağlı redaksiyamıza daxil olan şikayət isə səhiyyə müəssisələrində hökm sürən vergidən yayınma hallarını növbəti dəfə bütün çılpaqlığı ilə ortaya qoyub.
Vətəninfo.az-a mənbəmizin verdiyi məlumata görə, klinikanın həkimi Şövkət Arıxova tərəfindən qəbul edilən pasiyentlərdən göstərilən xidmətin qarşılığı olaraq ödənişin rəsmi qaydada- posterminal vasitəsilə kassaya ödənilməsi tələb olunmayıb. Əksinə, vətəndaşlara ödənişi birbaşa “card to card” (kartdan-karta) köçürmə yolu ilə həyata keçirmək məcburiyyəti qoyulub.
Bu isə sadəcə texniki bir detal deyil, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin açıq-aşkar və kobud şəkildə pozulmasıdır!
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinin tələblərinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən obyektlərdə (o cümlədən tibb müəssisələrində) ödənişlər mütləq şəkildə qanuni pos-terminallar vasitəsilə aparılmalı, pasiyentə nəzarət-kassa aparatının qəbzi və elektron qaimə təqdim olunmalıdır.
Lakin “İmplantium” klinikasında tətbiq olunan bu “qaranlıq” mexanizm birbaşa aşağıdakı ağır hüquqpozmalara yol açır:
Dövlət büdcəsinə zərər: Pasyentlərdən vəsaitin nağdsız qaydada kassadan kənar, fiziki şəxslərin kartlarına köçürülməsi dövlətə ödənilməli olan vergilərin gizlədilməsinə və büdcədən yayınmaya xidmət edir.
Klinika rəhbərliyinin bu qanunsuz tələbinə alət olan həkim Şövkət Arıxova praktiki olaraq pasiyentləri üzərindən vergi qaçaqçısı durumuna salınır. Peşəkar fəaliyyəti ilə yanaşı, maliyyə intizamına riayət etməli olan tibb işçisinin bu prosesdə iştirakı ciddi suallar doğurur.
Vətəndaşlara xidmət müqabilində rəsmi çek verilməməsi onların gələcəkdə hər hansı bir narazılıq və ya sağlamlıq problemi yaranacağı təqdirdə hüquqlarını qanuni müstəvidə müdafiə etmək imkanlarını əlindən alır.
Bəs Dövlət Vergi Xidməti və aidiyyəti qurumlar “İmplantium” klinikasındakı bu qanunsuz “kartdan-karta” əməliyyatlarına nə vaxt göz yummaqdan əl çəkəcəklər? Həkim Şövkət Arıxova və klinika rəhbərliyi hansı səlahiyyətə güvənərək açıq şəkildə vergidən yayınma схемаlarını işə salıblar?
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Eyni zamanda, aidiyyəti dövlət qurumlarını dərhal “İmplantium” klinikasında yoxlamalar aparmağa, qanunsuz köçürmə tələb edənləri və vergidən yayınanları məsuliyyətə cəlb etməyə çağırırıq!
Araşdırmamız davam edir, bizi izləyin.


























