image-photo-2021-11-03-14-07-37backend

Dumanlı dağlardan Muğam sədaları səslənir

image-reklam_sirab_01

8 noyabr bütün Azərbaycan xalqının yaddaşına həkk olunmuş,Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış gün. Bir zamanlar bu gün hamımıza çox uzaq gəlirdi. Səbəbi isə,müzəffər Azərbaycan Ordusuna xalqın güvənində deyil, məhz elə xarici qüvvələrin Azərbaycan xalqının haqq yoluna qoyduğu bitməyən maneələrində idi. Tam 30 il təxirə salınan,uzadılan azadlıq, Şəhidlərin qanı,qazilərin sağlamlığı, Azərbaycan xalqının əzmi bahasına qazanıldı. Hər il bütün bayramlarda hamının dilində səslənən “Gələn bayramı Şuşada keçirək” arzusunun, “tezliklə Azan Şuşada səslənsin” duasının qəbul olduğu gün idi o gün.  O gün hamı Şuşalı idi. Hamı küçələrə əlində üç rəngli bayraqla axışırdı, xalqın sevincinin həddi-hüdudu yox idi. Bu ikiqat sevinc idi, həm Şuşanın, həm də tam Qələbənin sevinci. Çünki, Azərbaycan xalqı əmin idi ki, Şuşanın azad edilməsi  ilə düşmən tam diz çökəcək və Azərbaycan təmiz Qələbənin bir addımlığında olacaq. Elə də oldu.Xalq yanılmamışdı .Məhz 2 gün sonra,qızğın döyüşlərin davam etdiyi bir vaxtda düşmən kapitulyasiya aktına imza atdı. Emənistan hökümətinin xəyali dünyalarında  “dağlarda toy əməliyyatı” verdiyi, əslində isə döyüşsüz işğal etdiyi Şuşanı Azərbaycan Ordusu dünya hərb tarixində misli görülməmiş taktika ilə azad etməklə nəinki erməni xalqına, bütün dünyaya “dağlarda toy” necə olar göstərdi.

Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq Şuşaya daxil olmuşlar. Düşmən bu hücumu yatsa yuxusunda görməzdi. Erməni ordusu bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Tanklar,ağır silahlarla müdafiə olunan bu ərazini Azərbaycan Xüsusi Təyinatlılarının  yüngül silah-sursat ilə azad etməsi  inanılmaz bir qəhramanlıq nümunəsi oldu. Düşmənin adları çəkiləndə belə əsdiyi həmin o qəhrəman oğulların yazdığı tarix təkcə Azərbaycan tarixinə deyil bütün dünya tarixinə yazıldı. Bu döyüşlər elə səs salmışdı ki,hətta bir müddət sonra ABŞ Müdafiə Nazirliyinin strukturuna daxil olan Vest-Point Hərbi Akademiyasının Hərbi Hazırlıq Departamenti nəzdindəki Müasir Hərb İnstitutunun (Modern War Institute) saytında Azərbaycan ordusunun Şuşa uğrunda döyüş taktikasının təhlilinə həsr olunmuş məqalə yerləşdirilmişdir.

8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etdi,lakin heç də təəccüblü deyil ki, Ermənistan rəhbərliyi  bunu təkzib etdi. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamaqla Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqlədi. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan,eləcə də Ermənistan baş nazir Nikol Paşinyan separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etdi.

Hesablamalara görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan Qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi.Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Şuşa fatehləri də  verdiyi müsahibələrində bu faktı təstiqləyir.  Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir.

İndi isə qızıl hərflərlə yazılmış bu tarix məktəbdə dərsliklərə əlavə olunur. Artıq gələcək nəsillər bu qələbə səhifələrini oxumaqdan, öyrənməkdən doymayacaq,hər il bu “Zəfər”ə tədbirlər,  paradlar həsr olunacaq. Azərbaycan Xalqı bu Qələbə sevincini hər il  təkrar yaşayacaq. Lakin,heç bir zaman Şəhidləri unutmayacaq və gələcək nəsillərə də unutdurmayacaq.Şəhidlərlə ,qazilərlə və bütün Vətən Müharibəsi iştirakçıları ilə tək ailələri deyil, bütün Azərbaycan xalqı qürur duyur. Çünki,bütün Azərbaycan Xalqı onların ailəsidir.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Ayşən İsmayılova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki