image-04backend

Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi mühüm tarixi hadisədir

image-reklam_sirab_01

Cari ilin 22 aprel tarixində mədəniyyət paytaxtımız olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən sonra tariximizə yeni şanlı səhifələrlə daxil oldu. Təsadüfi deyil ki, bu qurultay məhz Zəfər qurultayı adlanır. Digər tərəfdən Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır və Qarabağ Azərbaycandır!
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Dünya azərbaycanlılarının qarşısında proqram xarakterli nitqində həm Qələbəmizə gedən yola, həm Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlar kimi mühüm movzulara toxundu, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı. Cənab Prezident digər bütün çıxışlarında olduğu kimi bu dəfə də dünya ictimaiyyətinə reallıqları çatdırdı.
2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayında Ulu Öndər Heydər Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarının işğaldan azad olunacağını və insanların öz torpaqlarına qayıdacağını bildirmişdi. Sonrakı müddətdə keçirilmiş qurultaylar dünya azərbaycanlılarını bu vahid ideya ətrafında birləşdirdi və nəhayət, Ümummilli Lider Heydər Əliyevin fikirlərinin davamçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə söylənilənləri gerçəyə çevirdi, müzəffər, qalib xalq adını qazandı. Dünya Azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirirdi. Prezident İlham Əliyev bütün vədləri kimi bu sözünü də yerinə yetirdi və Qarabağı işğaldan azad etdi, xalqa qələbə hissini yaşatdı. Elə bu səbəbdən də, Dünya Azərbaycanlılarının V Qurultayı əvvəlki 4 Qurultayın məntiqi yekunu, qələbə, zəfər toplantısı oldu.
Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqində Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlandı, tarixə qovuşan münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın imitasiya naminə danışıqlar aparmasına göstərilən dəstəkdən, Azərbaycanın hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməsindən də geniş bəhs olundu.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoymuşdur. Uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar.
Bugün 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərdən sonra hər birimiz qürur hissi yaşayırıq. Torpaqlarımızın əsl sahibi kimi bərpa və quruculuq işlərini uğurla davam etdirir, soydaşlarımızın Böyük Qayıdışına səy göstəririk. Dövlət başçısı İlham Əliyevin “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq” fikirləri bugünkü qalib Azərbaycanın, yenilməz xalqımızın təqdimatı oldu.”

Aysel Mənsimova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki