image-1652002611_cavansir-feyziyevbackend

Dünyanın bölünməsi yox, birləşməsi savaşı gedir – Deputat

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, millət vəkili Cavanşir Feyziyev  Axar.az-a müsahibə verib.

Müsahibəni istinadla təqdim edirik:

– Cavanşir müəllim, 2013-cü ildə sizin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabınız nəşr olunmuşdu. TDB olmasa da, artıq Türk Dövlətləri Təşkilatı qurulub. Siz beynəlxalq təhlükəsizlik sisteminin yenidən inşası haqqında müzakirələrin aparıldığı bir məqamda TDB-nin Avrasiyada yerini necə görürsünüz?

– SSRI-nin çökməsindən sonra beynəlxalq təhlükəsizlik sisteminin yenidən inşası və ya beynəlxalq siyasi sistemdə islahatların zərurəti haqqında çox danışılır, müxtəlif nəzəriyyələr və təkliflər irəli sürülür, çoxsaylı ideyalar müzakirə predmetinə çevrilir. Bütün bunlar onu göstərir ki, həqiqətən qlobal sistemdə dəyişikliklərin zamanı çatıb. Bu dəyişikliklərin mahiyyəti və reallaşma yolları haqqında dünyanın müxtəlif ölkələrində fərqli baxışlar mövcuddur. Amma real dəyişikliklərə nail olmaq üçün baxışların çoxluğu, dəyişiklik zərurətinin anlaşılması və təsdiqi kifayət etmir. Hadisələrin vüsət alması üçün düşünülən dəyişikliklərə doğru real addımların atılması vacibdir. Keçən il Türk Şurasının növbəti iclasında Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi məhz belə qlobal miqyaslı hadisələrə istiqamət verəcək cəsarətli bir addım idi. Türk dövlətlərinin bu qərarı qlobal siyasi sistemdə Aİ-nın yaranması ilə başlanmış, lakin uzun müddət ərzində Avropa hüdudlarından kənara çıxmamış bir trendin Avrasiya məkanında yeni və daha müasir bir formatda təzahürüdür. Türk Dövlətləri Təşkilatının yaranmasını əslində Türk Dövlətləri Birliyi kimi beynəlxalq miqyaslı bir siyasi qurumun təşəkkülü yolunda keçid addımı hesab etmək olar. Daha sonrakı mərhələdə həyata vəsiqə qazanacaq Türk Dövlətləri Birliyi yeni dünya düzəninin formalaşmasında tamhüquqlu subyekt kimi öz yerini tutacaq və beynəlxalq təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verə biləcək. Adını çəkdiyiniz kitabımda TDB-nin uğurlu şəkildə təşəkkülünə aparacaq strategiya bütün detalları ilə təsvir olunub. Bu strategiya müstəqil türk dövlətləri tərəfindən aparılmalı olan geniş və çoxtərəfli fəaliyyətlərin məcmusundan ibarətdir. Bu fəaliyyətlərin sonucu olaraq dünya birliyinə özünü təqdim edəcək TDB, zənnimcə, bütövlükdə Avrasiyada siyasi balansın yaranmasında və nəticə etibarilə Avrasiyanın bütövlüyünün təmin olunmasında həlledici rol alacaq. TDB-nin geo-strateji mövqeyi bütövlükdə materikə kənar güclərin müdaxiləsini istisna edə biləcək və Avrasiyada dövlətlər arası münasibətlərin daimi gərginlik rejimindən səmimi və faydalı əməkdaşlıq rejiminə keçidini təmin edəcək.

– Rusiya-Ukrayna savaşına münasibətiniz; dünya yenidən bölünür, yoxsa baş verənlər mövqe savaşıdır?

– Rusiya-Ukrayna savaşı 2-ci Dünya müharibəsindən sonra Avropada baş verən ilk böyük savaşdır. Bu hadisənin özü də dünya siyasi sistemində çox mühüm dəyişikliklərə ciddi ehtiyac olduğunun göstəricisidir. O ki qaldı dünyanın yenidən bölünməsinə, zənnimcə, bu ifadənin özü beynəlxalq siyasi sistem üçün kifayət qədər köhnəlmiş bir anlayışdır. Müasir dünyada mütərəqqi praqmatik qüvvələr dünyanın bölünməsini yox, bütövləşməsini hədəfləyir. Qloballaşma adı verilmiş proseslər də başqa mühüm məqsədlərlə yanaşı həm də dünyanın hansısa amillər əsasında yenidən bölünməsini istisna etməyə hesablanıb. Ona görə dünya siyasi sisteminin təbii inkişaf və təkamül dialektikasını yaxşı mənimsəmiş və bu dialektikanın məntiqini düzgün anlayan dövlətlər indiki zamanda dünyanın yenidən bölünməsi kimi absurd ideyaya etibar etməməlidir. Belə yanlış strategiyanı seçən dövlətlər mütləq şəkildə uğursuzluğa məhkumdur. Rusiya-Ukrayna hadisələrinə mövqe savaşı da demək olmaz. Müasir siyasi tendensiyaların mahiyyətini və perspektivlərini düzgün dəyərləndirən dövlətlər beynəlxalq sistemdə öz mövqelərini möhkəmləndirmək üçün savaş yox, əməkdaşlıq taktikasını seçməlidirlər. Beləliklə, sizin sualınıza bəlkə də gözləmədiyiniz cavabı verəcəm: Rusiya-Ukrayna müharibəsi SSRİ-nin çöküşüdür və ola bilər ki, bu çöküşün son mərhələsidir. Bu bəzilərinə qəribə görünə bilər. Amma 1991-ci ildə SSRİ-nin formal süqutu heç də bir imperiyanın bir anda yoxa çıxmasını təmin edə bilməzdi. SSRİ-nin rəsmi ləğvindən 23 il sonra onun bayrağı Krımda və Donbasda hərəkət edən tankların üstündə dalğalandı. Elə bu günlərdə Moskvada bir gündə 5 min məktəblinin kütləvi surətdə pioner sıralarına keçməsi haqqında xəbər yayılmışdı. Bütün bunlar mən dediyimin təsdiqidir. Kommunizm kabusu çoxbaşlı əjdahadır. Onu bir fərmanla birdəfəlik aradan qaldırmaq mümkün deyil. 30 ildir ki, SSRİ çökməkdə davam edir və ola bilər ki, Rusiya-Ukrayna savaşı bu prosesin son akkordu olsun.

– Sizcə, bu müharibənin nəticələri nədən ibarət olacaq?

– Bu müharibənin nəticələri onu başlayanlar üçün fəlakətli olacaq, buna şübhə yoxdur. Amma daha geniş mənada bu müharibənin nəticələri dünyada qlobal miqyaslı bir çox siyasi proseslərin gələcəyinə aydınlıq gətirməklə qloballaşma proseslərini sürətləndirəcək və bütövlükdə dünya miqyasında dövlətlər arası münasibətlər yeni və daha pozitiv inkişaf istiqamətlərinə köklənəcək. Post-müharibə proseslərindən bütün digər dövlətlər kimi Azərbaycanın da faydalanmaq imkanları geniş olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image