1993-cü il 24 iyunda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi, ümumi ictimai-siyasi ab-havaya sərinlik gətirdi. Azərbaycan rahat nəfəs almağa başladı. Sabaha ümidini itirmiş xalqın narahatlığına son qoyuldu.
1991-ci ildə müstəqilliyimizi bərpa etdiyimiz gündən 1993-cü il iyun ayının 15-dək olan dövr xalqımızın həyatında ən çətin, keşməkeşli, xaotik bir dövr idi. Cəmiyyətdə hadisələrin axarına düzgün təsir edə bilməmək həmin dövrdəki iqtidarın bacarıqsızlığının nəticəsi idi. Ölkə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və cənubda separatçılar öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Ölkədəki vəziyyəti görən düçmən cəbhədə xeyli fəallaşmışdı. Belə bir çətin şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldular.
Çox şükürlər olsun ki, 1993-cü il iyun ayının 15-də bu hadisələrə son qoyuldu və Əbülfəz Elçibəyin dövləti başsız qoyub öz postundan könüllü imtina edərək Kələkiyə getməsi həmin iqtidarın bütün komandasının bacarıqsızlığını bir daha göstərdi.
Ali Sovetin sədri seçilən Heydər Əliyev ölkədə gedən siyasi proseslərə elə bir şəffaflıq, aydınlıq gətirdi ki, artıq xalqı aldatmaq, kiminsə gözünə kül üfürmək mümkün deyildi. Baş verən bütün hadisələrə, qanlı olaylara düzgün, tarixi bir siyasi qiymət verən Heydər Əliyev xalqı agah etdi – kimin kimliyi, hansı əməlin sahibi olması, üzə çıxmağa başladı. Heç bir güc strukturu, hərbi birləşmələri olmayan Heydər Əliyev yalnız xalqa arxalanırdı, ona bel bağlayırdı. Ona görə də xalqla açıq danışır, heç nəyi gizlətmir, xalqdan kömək umurdu. Məhz bu səmimiyyət, bu sədaqət Heydər Əliyev şəxsiyyətinə ümumxalq sevgisini daha da gücləndirir, ona bütün ordulardan daha çox güc verirdi.
Heydər Əliyev qüdrətini, ona ümumxalq sevgisini görən və duyan bəzi məkrli qüvvələr ara qarışdırmaq, təxribat törətmək kimi niyyətlərini gizlətməyə çalışmış, gizlənmişdilər. Surət Hüseynovun xofundan, hədə-qurxusundan pərən-pərən olmuş AXC-Müsavat iqtidarı da sanki bir toxdaqlıq tapmış, dar ağacından qurtardıqlarından sevincək olmuşdular. Amma vəziyyətin bir qədər düzəldiyini görüb yenə dil-boğaza qoymur, Elçibəyin Kələkiyə qaçmasına “haqq qazandıran” min bir dəlil gətirirdilər. Onların birillik, səriştəsiz fəaliyyətindən onsuz da zinhara gələn xalq indi də Milli Məclisdə bu çayxana siyasətçilərinin bəsit, məntiqsiz, ritorik çıxışlarını görüb daha da əsəbləşirdi.
Nəhayət ki, ədalətin və milli iradənin təntənəsi baş verdi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Beləliklə, ölkə üzərində gəzən ölüm kabusu götürüldü. Heydər Əliyevin böyük siyasətə qayıdışı Azərbaycanı ikinci dəfə müstəqilliyini itirmək təhlükəsidən xilas etdi. Azərbaycanın azadlıq günəşi yenidən doğdu. İyunun qızmar günləri bir-bir arxada qaldıqca respublikamızda gərginlik azalır, həyat öz məcrasına qayıdırdı. Əli işdən-gücdən soyumuş adamların üz-gözündə ümid közərirdi. Bu ümid isə xalqın öz Milli Lideri Heydər Əliyevə olan inamından güc alırdı.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı