image-reklam-veteninfo
image-photo-2022-04-26-22-48-16backend

Ədalətli qələbə

image-reklam-veteninfo

Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən özümüzü tanıtdıq,  özü də bu dəfə qalib dövlət, qalib xalq kimi…

Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

Müzəffər Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan  müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı  ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq  2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması,  4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi,  17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur.  Beləliklə  dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan  bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu,  noyabrın 25-də Kəlbəcər  rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan  azad edərək  dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.

Bəli 2020-ci ilin 8 noyabr tarixi – Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq…

 

30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

“Qarabağ bizimdir!”,

“Qarabağ Azərbaycandır!”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki