AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2022-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
Tədbirdə şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri və akademik Rafael Hüseynov iştirak edib.
Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və qarşıda duran vəzifələr, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamı və qarşıda duran vəzifələr barədə çıxış edərək, görüləcək işlərdən bəhs edib.
Sonra XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Sara Osmanlı 75 illik yubileyi münasibətilə institutun Fəxri fərmanı ilə təltif olunub.
Elmi şurada Humanitar elmlər bölməsinin nümayəndəsi olaraq akademik Rafael Hüseynov çıxış edərək Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndirib. İnstitut əməkdaşlarından Qəzənfər Paşayev və Şirindil Alışanlı da çıxışlarında görülən işləri təqdir ediblər.
Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı sözügedən elmi müəssisənin 2022-ci il üzrə illik elmi hesabatını təqdim edərək il ərzində görülmüş işlər, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət Proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamına uyğun olaraq institutun həyata keçirdiyi tədbirlər barəsində iştirakçıları məlumatlandırıb. Bildirib ki, il ərzində institut əməkdaşları bir istiqamət, 8 problem, 20 mövzu və 145 iş üzərində tədqiqat aparmış, 109 iş tamamlanmış, 36 iş üzərində isə işlər davam edir. Həmçinin institutun Beynəlxalq əlaqələr üzrə fəaliyyəti haqqında da hesabatı təqdim olunub.