image-45ffc18b-4948-4d40-aa11-fa14db086246backend

Eldar Namazov: “Ermənistanın ərazi bütövlüyümüzü tanıması qaçılmaz bir prosesdir” – MÜSAHİBƏ

image-reklam_sirab_01

Ermənistanda keçirilən parlament seçkiləri başa çatdıqdan sonra, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli razılaşmaların icrası aktuallaşdı.

Bu məsələ Azərbaycan və Rusiya prezidentləri –  İlham Əliyev və Vladimir Putin arasındakı telefon danışığı zamanı da müzakirə olunub.

Aydındır ki, razılaşmaların həyata keçirilməsi birbaşa Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasından asılıdır.

Rəsmi Bakı buna hazırdır, amma İrəvan isə hələ qərarsızdır.

Doğrudur, ilk işarələrdən sezmək olur ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq.

İrəvanda dərc edilən “Hraparak” hətta təxmini tarixləri də (sentyabr ayı) qeyd edib.

Ermənistan sülh müqaviləsini imzalayacaqmı və bunu nə zaman edəcək?

Azərbaycanlı politoloq Eldar Namazov Caliber.Az-a müsahibəsində bu və digər sualları cavablandırıb.

Müsahibimiz qeyd edib ki, müharibə bitdikdən sonra sərhədlərin müəyyənləşdirilməsi və ərazi bütövlüyünün tanınması qaçılmaz bir prosesdir.

“Bunun nə vaxta təsadüf edəcəyinə gəldikdə, bu sentyabr ayından əvvəl və ya daha gec baş verə bilər. Ancaq bu olacaq. Sərhədlərin qarşılıqlı tanınması Cənubi Qafqazda sülhün bərpasının təməl daşıdır. Hər şeydən əvvəl, Ermənistanın özünün taleyi bundan asılıdır. Bu ölkədə sosial-iqtisadi və demoqrafik vəziyyət fəlakətə yaxın həddədir və ermənilərin özləri də bunu etiraf edirlər. Böhrandan çıxmaq üçün onlara Azərbaycan və Türkiyə ilə sülh yaratmaq, sərhədlərini açmaq, ticarəti inkişaf etdirmək lazımdır. Bütün bunlar sərhədlərin qarşılıqlı tanınması olmadan mümkün deyil…

…Bundan sonra kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması istiqamatindəki işlər daha sürətlə öz həllini tapacaq?

Sizə belə deyim: Naxçıvana dəhlizin açılması Ermənistana böyük iqtisadi fayda gətirəcək. Axı məhz Ermənistan logistik təcriddədir. Ermənistan Azərbaycanın uğurla həyata keçirdiyi bütün böyük nəqliyyat layihələrindən kənarda qalıb.

Azərbaycanın artıq Türkiyə ilə dəmir yolu əlaqəsi var, işlək Bakı-Tbilisi-Qars marşrutu mövcuddur. Əlbəttə ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması bir çox səbəbdən vacibdir, lakin bu, ölkəmizin üçün həyati əhəmiyyət daşımır. Ancaq Ermənistan üçün bu əlaqə bir xilas yoluna çevrilə bilər.

Daha bir vacib əhəmiyyət kəsb edən məqam var. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda iki kommunikasiya xətti qeyd olunub. Naxçıvana dəhliz və Laçın dəhlizi. Xatirəmdədir ki, Noyabr bəyanatı imzalanan vaxt Laçın dəhlizi artıq Azərbaycan ordusu tərəfindən bloklanmışdı, hətta İrəvan rəhbərliyi bu barədə məlumat da vermişdi. Biz üçtərəfli razılaşma əsasında bu yolun açılmasına qərar verdik. Razılaşmanın digər bir hissəsi – Naxçıvana dəhliz isə həyata keçirilməmiş qalır. Bu, kommunikasiyaların açılması ilə əlaqədar sənəddə öz əksini tapıb. Laçın dəhlizinin işlədiyi, ermənilərin oradan istifadə etdiyi bir halda Azərbaycanın Naxçıvana gedən dəhlizdən istifadə etmək imkanının olmadığını necə təsəvvür edə bilirsiniz?

Bu mümkün deyil və əldə olunan Üçtərəfli razılaşmanın pozulması deməkdir.

Ona görə də, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına mane olursa, o zaman Bakı da Laçın dəhlizini bağlaya bilər.

Siz Bakı-Tbilisi-Qars marşrutundan bəhs etdiniz. Mən bir çox gürcü ekspertlərlə söhbət etmişəm, onlar Zəngəzur dəhlizinin açılmasından sonra yük axınının başqa istiqamətə yönləndiriləcəyindən və Gürcüstan vasitəsilə həyata keçirilən yükdaşımaların nəzərə çarpacaq dərəcədə azalacağından ehtiyat edirlər. Gürcüstan tərəfinin bu narahatlığı əsaslıdırmı?

Xeyr. Zəngəzur dəhlizinin açılması yalnız Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr kontekstində nəzərdən keçirilməməlidir.

İqtisadi baxımdan bu dəhliz Azərbaycanın işğaldan azad edilmiş bütün Qarabağ bölgəsinin bərpasında və yenidən qurulmasında mühüm rol oynayacaqdır. Bu ərazilərdə bir çox sənaye və kənd təsərrüfatı obyektləri inşa ediləcək və oradakı  məhsulların ixracına ehtiyac olacaq. Bizim isə Gürcüstandan da keçən xətlərimiz daxil, mövcud olan digər dəhlizlərimiz də yüklənib. Onlar yeni mal axınına tab gətirməyə bilərlər. Cənub istiqamətindəki dəhliz iqtisadi əməkdaşlığı təmin edəcək və bütün bölgənin inkişafına nəzərə çarpan təsir göstərəcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki