image-01backend

Ələt Azad İqtisadi Zonası iqtisadi inkişafin yeni mərhələsidir

image-reklam_sirab_01

Dövlət büdcəsinin neft ixracından əldə edilən vəsaitdən asılılığının azalmasınını təmin edilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin icrası ilə bağlı Azərbaycanda infrastruktur layihələri davamlı icra edilir, islahatlar aparılır, iqtisadiyyatda şaxələndirmə siyasəti özünü doğruldur. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasəti elmi texnologiyalar əsri adlandırılan müasir dünyamızda, cəmiyyətdə gedən proseslər də təsdiqləyir. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə və şərtlərinə uyğun həyata keçirilən qlobal layihələrin tətbiqində məqsəd xarici investorların ölkəmizə cəlbini sürətləndirməkdir. Ticarət və loqistika mərkəzi olan Qaradağ rayonunda Ələt Azad İqtisadi Zonasının yaradılmasında da məqsəd xarici iş adamlarını ölkəmizə cəlb etmək, Azərbaycanda nəqliyyat infrastruturunu yeni istiqamətlər üzrə genişləndirmək, yükdaşıma səviyyəsini artırmaqdır.
Xəzərsahili ölkələr arasında ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilməsi layihənin əhəmiyyətini daha da artırır. Ümumi sahəsi 850 hektar olan Ələt Azad İqtisadi Zonasınnın artıq 60 hektarında layihələndirilmə başa çatıb və inşaat işləri başlanılıb. Burada bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Enerjiyə daxili tələbatın tam ödənildiyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması yeni infrastruktur layihələrinin yaradılması zərurətini də qarşıya qoyur. Sənaye mərkəzi Qaradağ rayonunda respublikanın ən böyük sement, metal konstruksiyalar zavodlarının, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması rayonun inkişafını sürətləndirdi. Xeyli iş yerləri açıldı. Limanın fəaliyyətə başlaması ilə nəqliyyat infrastrukturu şaxələndi. Bakıda gəmiqayırma zavodunun inşası ilə daha bir yeniliyə imza atıldı. Avropa ilə Asiya arasında körpü olan Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanı nəqliyyat, logistika mərkəzinə çevirdi, iqtisadi əlaqələrin coğrafiyası genişləndi.
İyul ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi ölkə iqtisadiyyatının inkişafını gücləndirəcək daha önəmli layihədir. Mərasimdə Azərbaycan Televiziyasına müsahibəsində bu layihənin təməlində ölkəmizin dövlət siyasətinin dayandığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, illərdən bəri aparılan siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı belə azad iqtisadi zonaların yaradılmasını zəruri edir: «Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının «Doing Business»” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir.

Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin hansı çətinliklər hesabına başa gəldiyini xatırlayaq. Göstərilən təzyiqlərə, süni yaradılan əngəllərə, ölkəmizə qarşı tətbiq olunan ikili standartlara baxmayaraq qüdrətli Azərbaycan bütün çətinlikləri öz gücü, inandırma mexanizmi ilə aradan qaldırdı, təşəbbüskarı olduğu qlobal layihələri özünün maliyyə imkanları hesabına reallaşdırdı. Hazırda ölkəmizin əsas tərəfdaşı olduğu enerji, nəqliyyat layihələrinə marağın artması, ölkəmizin təşəbbüsü olan çoxtərəfli əməkdaşlıq formatının özünü doğrultması Azərbaycanın beynəlxalq müstəvidə möhkəmlənən sağlam, qarşılıqlı münasibətlər sisteminə verdiyi ən böyük töhfədir.
Təsadüfi deyil ki, Azərbaycanın uğurları başqa beynəlxalq mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının «Doing Business»” hesabatında, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki statistik təhlillərdə Azərbaycanın üstünlükləri diqqəti cəlb edir. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdə olan Azərbaycan gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bu rəqəmlər ölkəmizin dinamik inkişafının göstəricisi, investorlar üçün isə sərmayə yatıracaqları ölkənin inkişaf dinamikasının, siyasi sabitliyin qarantıdır. Əlverişli investisiya iqlimi isə infrastruktur layihələrini reallaşdıran önəmli şərtlərdəndir.
Son illərdə Azərbaycanda çox güclü kadr potensialının yaradılması, gənclərin intellektual potensialının artması xarici iş adamlarının diqqətini cəlb edən amillərdəndir. Azərbaycanda təhlükəsizliyin etibarlı qarantı dövlətdir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Mədəniyyətlərarası dialoq, dini tolerantlıq ölkəsi adlandırılan Azərbaycanda mövcud olan sağlam biznes mühiti, ölkəmizin dünya miqyasında vədinə sadiq ölkə imici qazanması, möhkəmlənən nüfuzu xarici iş adamlarının respublikamıza cəlbi baxımından çox önəmlidir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzunu möhkəmləndirən əsas amil Azərbaycanın sözünü əməli ilə təsdiqləməsi, vədlərinə sadiq qalmasıdır. Buna sübut neft strategiyasının həyata keçirildiyi 1994-cü ildən etibarən imzalanan enerji layihələrinin nəzərdə tutulduğu müddətdə başa çatdırılmasıdır.
Öz müsahibəsində Prezident İlham Əliyev onu da diqqətə çatdırır ki, artıq tikinti işlərinə başlanılacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan Ələt Azad İqtisadi Zonasında digər sahələrdə işlər plana uyğun həyata keçiriləcək. Gələn ilin iyul ayından iqtisadi zona investorları qəbul etməyə hazır olacaq. İş adamları ilə birbaşa əlaqələr yaradılacaq, təqdimatlar keçiriləcək Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən hökumətlərarası komissiyaların potensialından istifadə ediləcək. Ələt Azad İqtisadi Zonası Azərbaycanın beynəlxalq müstəvidə dəyərləndirilən əməkdaşlıq formatına verdiyi növbəti uğuru olacaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki