image-thumbbackend

Əliabbas Salahzadə: Azərbaycan müstəqilliyinin 30-cu ilinə tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi daxil oldu

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə  Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsindən, liderliyini qorumasından geniş bəhs edərək diqqəti 28 May-Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların  rəhbərlərinin təbrik məktubunda əksini tapan, reallığı özündə əks etdirən fikirlərinə yönəldib: “Dünya ölkələri  təhlükəsizlik, enerji və demokratik  idarəetmə  məsələlərində  Azərbaycanla birgə addımların atılmasında maraqlıdır. İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın nüfuzu, siyasi çəkisi daha aydın şəkildə görünür.  Artıq diktə edən tərəf kimi ölkəmizin regionda və dünyada liderlik mövqeyinə yeni əlavələr olunub. Azərbaycanın  nüfuzunun artmasında mühüm rol oynayan  faktorlardan biri təbii ki, siyasətində müstəqil olması, qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilməməsidir. Vətən  müharibəsində Azərbaycanın tarixi Zəfəri bu məqamların təqdimatında mühüm rol oynayır.”

Ə.Salahzadə qeyd edib ki,  möhtərəm Prezidentimiz  İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib: “Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə də bu uğurumuza xüsusi diqqət yönəldilmişdir. Azərbaycan dünya siyasətində  nüfuzu, təşəbbüsləri ilə fərqlənən, sabit, təhlükəsiz  ölkə kimi təqdir edildi. Pandemiyadan əvvəl ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər,  dünyanın diqqətlə izlədiyi və  müzakirə mövzusuna çevrildiyi Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmilərinin, hər iki ölkənin ordularının baş qərargah rəislərinin Bakıda mütəmadi görüşlər keçirmələri  Azərbaycanın müstəqil xarici siyasətinin uğurlarına, ölkəmizə, o cümlədən möhtərəm Prezidentimizə böyük   hörmətə və etimada əsaslanır.”

“28 May-Respublika Günü münasibətilə Prezident İlham Əliyevi, Azərbaycan xalqını təbrik edən ABŞ Prezidenti Cozef Bayden  məktubunda bildirir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına,  işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdardır,  ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir. Ölkəmizi belə dəyərləndirmə bir həqiqətə əsaslanır ki,  Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. Ölkəmizin xarici siyasəti açıq və aydındır,  düşünülmüş, praqmatik və əhatəlidir. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayan Azərbaycan daim bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Ölkəmiz 30 ilə yaxın dövrdə həllini gözləyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də dünyaya  ədalət və beynəlxalq hüququn qorunması, müdafiə edilməsi çağırışlarını edirdi.  44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti bərpa  və işğalçı dövlətə, onun havadarlarına beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu sübut etdi. Vətən müharibəsində tarixi Qələbəmizin yaratdığı yeni reallıqlar yeni əməkdaşlıq formatlarının yaradılmasını zərurətə çevirir ki, bu da Azərbaycanın regionda və dünyada mövqeyini möhkəmləndirir, sözünün imzası qədər əhəmiyyətini artırır”,- deyə millət vəkili  bildirib.

Ə.Salahzadə  bir daha  diqqəti dünya siyasətçilərinin, politoloqlarının   fikirlərinə yönəldərək bildirib ki, tarixə qovuşan, yeni səhifənin açılmasını bir tələb kimi ortaya qoyan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra perspektivlərin müəyyənləşdirilməsi asandır. Azərbaycanın təşəbbüsu ilə reallaşan, dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirən enerji və nəqliyyat layihələri regional əməkdaşlıq, mədəniyyətlərarası dialoqların təşkili üçün də başlıca amildir. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz bütün uğurlarımızın zirvəsində dayanaraq gələcəyə daha böyük inamla irəliləməyə stimuldur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki