image-1backend

Əliabbas Salahzadə: Milli kimliyimizi, varlığımızı əks etdirən Konstitusiyamız vətəndaşlıq Aktımızdır

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə bu gün Zəfər sevinci ilə qeyd etdiyimiz Konstitusiya Günündən bəhs edərək bildirib ki, müstəqilliyinin yenidən bərpasının 30 illiyini arxada qoyan  Azərbaycanın  demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda atdığı addımlar sırasında 1995-ci il noyabrın 12-də ümummilli lider  Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Ali Qanunumuzu xüsusi qeyd etməliyik: “Ötən ay  müstəqilliyimizin yenidən bərpasının 30 illiyini qeyd etdik. 1991-1993-cü ilin iyununadək olan dövr Azərbaycan tarixinə faciəli səhifə kimi yazılıb. Bu baxımdan ki, həmin illərdə ölkəyə idarəçilik  qabiliyyəti  olmayan, səriştəsiz şəxslərin rəhbərliyi ucbatından Azərbaycan yenidən bərpa etdiyi müstəqilliyini itirmək və bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə çətin vaxtlarda xalqımız  üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin əsasını qoydu.  Məhz həmin dövrdən ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil etdi.”

Ə.Salahzadə vurğulayıb ki, Konstitusiyamızın  özündə ehtiva etdiyi müddəalarda  dövlətin ali məqsədi  insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, həmçinin yüksək rifahının təmin edilməsidir: “Daim yeniləşmədə, təkmilləşmədə maraqlı olan dövlətimiz Konstitusiyamızı,  eyni zamanda, cəmiyyətin idarə olunmasında xüsusi rola malik olan qanunlarımızı dəyişməz hesab etmir, daim dövrün, zamanın tələblərinə uyğun təkmilləşməni həyata keçirir. Bu baxımdan illər keçdikcə ölkəmizin iqtisadi, siyasi, sosial və digər sahələrdə qazandığı  uğurlar, təcrübə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirdiyi üçün  26 ildə  bu məqsədlə 3 dəfə ümumxalq səsverməsi keçirilib. Bu əlavə və dəyişikliklərin böyük bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir.”

“Bugünümüzün reallıqları fonunda bir daha bu həqiqəti  böyük inam və fəxr hissi ilə qeyd edirik ki, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir, insan amili öndə dayanır” söyləyən millət vəkili qeyd edib ki, ulu öndər  Heydər Əliyevin  uğurlu   daxili siyasəti  Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur: “Son 18 ildə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin Sərəncamı ilə 18 iyunun İnsan Hüquqları Günü kimi  təsis edilməsi insan hüquqlarının qorunmasının prioritetliyinin  təsdiqidir. Dövlət başçısı İlham Əliyevin bayram günlərində, önəmli hadisələr ərəfəsində əfv sərəncamlarını imzalaması da ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla  davam etdirilməsindən  xəbər verir. Amnistiya aktları, əfv sərəncamları insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla yenidən azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmalarına kömək edir.”
Əliabbas Salahzadə  vurğulayıb  ki, hər  kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

“Artıq Zəfərimizin birinci ildönümünü qeyd etdik” söyləyən millət vəkili   bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işləri ilə bağlı qərarlarında, irəli sürdüyü təşəbbüslərində də vətəndaş amilinə nə qədər böyük önəm verildiyi özünü qabarıq şəkildə nümayiş etdirir:  “Bu fikir daim vurğulanır ki, soydaşlarımızın yüksək həyat səviyyəsi təmin olunmalı, rahat şəraitdə yaşamalıdırlar. Yenə də vətəndaş məmnunluğunun artırılması əsasdır.  8 noyabr- Zəfər Günü münasibətilə dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin qəbul etdiyi Amnistiya aktı da insan hüquq və azadlığına  göstərilən diqqətin təzahürü,  humanizmin təntənəsidir. Dövlətimiz hər bir vətəndaşının yanındadır. Onların hüquqlarının qorunması, yenidən  həyata qayıdaraq səhvlərini başa düşmələri üçün bütün zəruri olan addımları atır.  Düşünürük ki,  dövlətimizin bu humanist addımından  pay alan  insanlar  yenidən azadlığa  qovuşmaqla  vətəndaşlıq borclarını başa düşəcək, ölkəmizin daha da qüdrətlənməsinə, Zəfərimizin diktə etdiyi vəzifələrin icrasına öz töhfələrini verəcəklər.”

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki