image-thumb-5backend

Əliabbas Salahzadə: Novruz milli birlik, həmrəylik, bolluq, bərəkət bayramıdır

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramının bu gün xalqımızda yaratdığı xoş əhval-ruhiyyədən, qürur hissindən geniş bəhs edərək bildirib ki, artıq iki ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il Şuşada Cıdır düzündə alovlandırdığı bayram tonqalı xalqımızın 30 ilə yaxın dövrdə  səbirsizlikə gözlədiyi gün idi: “Ölkə Prezidenti Cıdır düzündən müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki,  2004-cü ildən başlayaraq, hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik,  Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün  Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisə, böyük xoşbəxtlikdir. 28 ildən sonra Şuşaya qayıtdıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin müraciətində daha möhtəşəm uğurlara yol açacaq hədəfləri açıqladı. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilməsi, ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara tarixi səfərləri Böyük Qayıdışı hər an yaxınlaşdırır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, torpaqlarımız tarixi sahibindədir,  bu ərazilərimizə əbədi bahar gələrək cənnət məkana çevrilirlər”.

Ə.Salahzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində səsləndirdiyi “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” fikirləri önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, Novruz  insanları birliyə, həmrəyliyə çağırış edir,  dostluq,  səmimiyyət mühitini formalaşdırır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxlaq Novruz Günü elan olunub. Bu mühüm addım  həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın göstəricisidir.

Novruz ənənələrinin  incəsənətdə öz əksini tapdığını xüsusi vurğulayan deputat qeyd edib ki, Novruz bayramı haqqında mahnılar yazılmış, filmlər çəkilmişdir: “Atılan hər bir addım milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizi, tariximizi  qorumalarıdır. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və  müasir müstəqil Azərbaycan dövləti bu   dəyərlər üzərində qurulub. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki,  milli  dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.”

Ə.Salahzadə bu məqamı böyük qürurla vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında gənclərimizin torpaq, Vətən sevgi əsas yer tutur. Bu şanlı Zəfərimiz Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin, öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmasının dünyaya təqdimatı oldu.

Deputat el bayramımız olan Novruz münasibətilə keçirilən tədbirlərin hər birində  gələcəyimizlə bağlı çağırışların yer aldığını bildirib: “Xalqı birləşdirən bayram şənlikləri həm insanlarda xoş ovqat, bayram əhval-ruhiyyəsi yaradır, həm də  adət-ənənələrimizin unudulmamasına, nəsildən-nəslə ötürülməsinə xidmət edir.  Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə  tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir.  Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün  qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır”.

Ə.Salahzadə Azərbaycanın  milli birlik rəmzi, bolluq, bərəkət bayramı olan Novruz bayramını bütün sahələrdə qazandığı möhtəşəm uğurları ilə qeyd etdiyini bildirib: “Ölkəmizin dayanıqlı iqtisadi inkişafı güclü sosial siyasətlə müşaiyət olunur. 2022-ci ilin ilk sosial paketində yer alan Prezident Fərman və Sərəncamları əhalinin sosial müdafiəsinin prioritetliyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında əksini tapmalıdır.  Son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işlərinin əsasında da insanların yüksək şəraitdə yaşayışı, məmnunluqlarının təmin olunması  dayanır. Bu gün güclü, qüdrətli, qalib Azərbaycanın hər bir  bölgəsində, kənd və qəsəbəsində Novruz ab-havası yaşanır, qalibiyyətimiz bu sevincə sevinc qatır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image