image-img-20210616-wa0011backend

Əliabbas Salahzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına töhfələrini özündə ehtiva edir

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə  dünyanın diqqətində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən,  iki dost, qardaş ölkənin münasibətlərində  yeni mərhələnin əsasını qoyan Şuşa Bəyannaməsindən geniş bəhs edərək bildirib ki, Qarabağın mədəniyyət paytaxtı Şuşa  “Xarıbülbül” musiqi festivalından sonra  növbəti tarixi hadisəni yaşadı: “Türkiyə və Azərbaycan Prezidentlərinin belə bir tarixi sənədi Şuşada imzalanmasının rəmzi mənası vardır. Şuşadan dünyaya mesajları özündə əks etdirən bu Bəyannamədə  bütün sahələrin inkişafına xidmət edəcək   addımlar öz əksini tapıb. Qarabağın tacı Şuşamızdan  bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iştirak etmək  üçün ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Şuşaya getmək istəyini ifadə etmişdir. Bu  istək  6 aydan sonra   reallığa çevrildi. Qarabağın döyünən ürəyi  qonaqlarını qarşılamaqdan qürurlandı. Bu istəyin məhz Milli Qurtuluş Günündə gerçəkləşməsi  səbəbsiz deyil. Azərbaycanın müstəqilliyinin daimiliyinin başlanğıc nöqtəsi olan 15 iyun 1993-cü ildən başlanan yol tariximizə Zəfər Günümüzü yazdı. Milli Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi Şuşamızı bizə qaytardı.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti bugünkü reallıqları yaratdı. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Ümummilli Liderin  xidmətləri əvəzsizdir.  Məhz Şuşa Bəyannaməsində  böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin iki qardaş ölkənin əlaqələrinin inkişafına yol açan  tezisləri öz əksini tapıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Şuşada Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında

bildirmişdir ki, bu tarixi kəlamlar fəaliyyətimiz üçün əsas faktordur.  XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdirir və gələcək nəsillərə yol göstəririk.”

Ə.Salahzadə qeyd edib ki, Şuşa  qonaqlarını qarşılamaqdan sevinclidir: “28 ildən sonra ölkə Prezidenti, Müzəffər  Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli  ordumuzun   işğaldan azad etdiyi bu qədim şəhərin əvvəlki şöhrəti özünə qayıdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra tarixi günlərdə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri, yeni sosial obyektlərin təməlinin qoyulması, Böyük Qayıdışın sürətlənməsinə yönələn addımları   qürurvericidir. Novruz, Ramazan bayramlarının ardınca  Milli Qurtuluş Günündə   Şuşanın yenidən yaşadığı tarixi gün Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır.  8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən  “Şuşa sən azadsan! Şuşa səni dirçəldəcəyik!” bəyan edən dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından  sonra dərhal  işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın təmin edilməsi üçün görüləcək işlərə məhz  mədəniyyət paytaxtımız Şuşadan  başlaması hər bir vədinin konkret əməli işə əsaslandığını nümayiş etdirir. Cənab İlham Əliyevin Sərəncamı əsasında  Prezidentin xüsusi nümayəndəsi ilk olaraq Şuşada fəaliyyətə başladı. Prezident İlham Əliyev  düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin,  unudulmaz sənətkar Bülbülün büstlərini 28 ildən sonra doğma yurduna qaytardı.  Mədəniyyət paytaxtımız olan Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirilməsini önəmli vəzifə kimi qarşıya qoyaraq  «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev hər bir vədinə əməl edir. 28 il düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə  azad edən, düşmənə sarsılmaz zərbə vuran,   diz çökdürən, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən ordumuz  müharibə tarixinə yeni səhifələr yazdı. Möhtərəm Prezidentimiz Şuşada mətbuata bəyanatında da bu məqamı xüsusi qeyd etmişdir ki, Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən  alınmaz qala sayılan bu  şəhəri azad etməyin böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət tələb etdiyini görür.”

Millət vəkili vurğulayıb ki, bu tarixi səfərdən sonra mədəniyyət paytaxtımızın həyatında yeni səhifə açılır: “Şuşadan bölgəmizə və dünyaya verilən mesajlar çox önəmlidir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə qardaş Türkiyənin  dəstəyi böyükdür. Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı da gələcək hədəflərin açıqlanmasında yardımçıdır. Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə  yanaşı,  qardaş ölkənin bölgədə fəaliyyətini daha  səmərəli şəkildə həyata keçirməsini  təmin edəcək. Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaranır. Bir daha dünyaya sübut olunur ki, bu birlik nümunədir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki