image-salahzadebackend

Əliabbas Salahzadə: Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın simasında yaşayır, inkişaf edir

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə istər Azərbaycan tarixinə, istərsə də xalqımızın yaddaşına müstəqil dövlətin simvolu, milli inkişaf strategiyasının müəllifi, ən böyük dahi  kimi əbədi həkk olunan ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı  xidmətlərindən geniş bəhs edərək bildirib ki, illər ötdükcə görülən işlərin, atılan addımların miqyasının nə qədər böyük olduğunu görürük: «Dahi şəxsiyyət Heydər Əliyevin  xilaskarlıq missiyasını dəyərləndirmək üçün Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı illərdə mövcud  vəziyyəti təhlil etməyə böyük zərurət duyulur.  O illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, vətəndaş müharibəsi yaşanır, torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir, xalqın sabaha ümidi yox idi. Belə çətin vəziyyətdə xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Vətənini, xalqını, dövlətini canından artıq sevən Ümummilli Lider  xalqının səsinə səs verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider  düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın bugünkü  reallıqlarının əsasını qoydu.»

«Azərbaycan xalqının dövlətçilik  tarixində  mürəkkəb mərhələlər çox olub» söyləyən Əliabbas Salahzadə qeyd edib ki,  bütün çətinliklərə baxmayaraq  heç bir qüvvə  xalqımızın  dövlətçilik arzularını  məhv edə bilməmişdir: «Keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq bütün çətinliklərdən şərəflə çıxar. Bu reallıq Azərbaycanın timsalında özünün aydın ifadəsini tapıb. Müstəqilliyinin yenidən bərpasının ilk illərində parçalanmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə  bu bəlalardan xilas oldu. Ümummilli Lider Azərbaycanı yenidən qurdu. Ölkədə sabitlik yarandı. İqtisadi inkişaf təmin edildi.  Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər  müstəqilliyimizin bərpasının ilk illərindəki tərəddüdlərinə son qoyaraq Azərbaycana investisiya yatırmağa  maraq göstərdilər. 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu, ən əsası siyasi müstəqilliyinin təmin olunması üçün geniş imkanlar yaradıldı.»

Millət vəkili vurğulayıb ki, ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən önəmli addımlar atmışdır:  «Bunlardan biri Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi idi.  Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi.  Bu çağırış xüsusi qeyd olundu ki, Azərbaycanın gələcəyi  indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu gün böyük fəxr hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizin əldə olunmasında da Azərbaycan gənclərinin torpaq, Vətən sevgisi  əsas amillərdən biridir.»

«2003-cü ildən  ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində böyük əminliklə ifadə etdiyi inamı yüksək səviyyədə doğrultdu» söyləyən Əliabbas Salahzadə  vurğulayıb ki,  bu gün Azərbaycan qalib ölkə kimi dünyanın diqqətindədir:   «Dövlət başçısı İlham Əliyevin təkmil islahatları nəticəsində bütün sahalərdə davamlı uğurlara imza atan Azərbaycan qısa müddətdə innovasiyalar ölkəsi kimi nüfuz qazandı. Ölkəmizin  təqdim etdiyi inkişaf modeli dünyada təqdir olunur və öyrənilməsinin vacibliyi vurğulanır. Azərbaycan iqtisadi möcüzələr  ölkəsi kimi tanınır. Ən əsası ölkəmiz ayrı-ayrı sahələri əhatə edərək müxtəlif mövzulara həsr olunan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur.  Təbii ki, bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.  Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində 30 ilin işğalına 44 gündə son qoydu. Dövlət başçısı ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla vurğuladı.»

«Ötən ilin 10 dekabr tarixində keçirilən  Zəfər paradından bizi bir illik zaman ayırır. Bu parad  Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasıyasının dünyaya  təqdimatında əhəmiyyətli rol oynadı. Zəfər paradı bir daha hərbi qüdrətimizin nümayişi oldu. Paradda  44 günlük Vətən müharibəsi dövründə ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının bir qismi də nümayiş olundu. İki qardaş ölkənin – Türkiyə və Azərbaycan Prezidentlərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri  qürurverici hadisə kimi dəyərləndirildi. 10 dekabr 2020-ci il Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Ötən bir il Azərbaycanın tarixində  yeni reallıqlara uyğun addımların atılması ilə yadda qalıb. Bu sırada işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması ilə yanaşı,  dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında Hərbi Qənimətlər Parkının yaradılmasını xüsusi qeyd etməliyik. Bu mühüm təşəbbüs də Azərbaycanın tarixi Zəfərinin təqdimatına xidmət edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək  ulu öndər Heydər Əliyevin ideyaları onun şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında geniş imkanlar açır. Prezident İlham Əliyev bu ideyaları gerçəkləşdirməklə  Azərbaycanı zirvələrə yüksəldir»,- deyə millət vəkili  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki