image-565693cf-34eb-4895-ab3b-5a5455353291backend

Əliabbas Salahzadə: Vətən müharibəsi Azərbaycanın müstəqil siyasətinin aydın mənzərəsini yaratdı

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə  ölkə Prezidenti İlham Əliyevin qalib ölkənin Lideri kimi işğaldan azad edilmiş ərazilərimizə  səfərlərindən geniş bəhs edərək diqqəti dövlət başçısının Cəbrayıl rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlərə, bəyanatlara yönəldib: «Tarixi Zəfərimiz nəticəsində bölgəmizdə  yeni reallıqlar yarandı.  Bu reallığı Azərbaycan  yaratdı.  Bir daha bu əminlik yaranır  ki,  uzun illərin  siyasi, diplomatik  səyləri nəticəsində Qələbəyə nail olan  Azərbaycan gələcəkdə də  bölgədə formalaşacaq  əməkdaşlıq formatlarının  müəllifi olacaq. Azərbaycan müstəqil siyasət aparan ölkədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Öz mövqeyindən bir addım da belə geri çəkilməyən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tariximizin Zəfər səhifəsini yazdı və bu gün bu səhifələri vərəqləyərək torpaqlarımızın işğaldan azad olunduğu tarixləri qeyd edir və bundan qürur hissi keçiririk.”

Ə.Salahzadə vurğulayıb ki, yaxın günlərdə müstəqilliyimizin yenidən bərpasının 30-cu ildönümü  qeyd ediləcək: “Azərbaycanın bu tarixi hadisəni qalib ölkə kimi  qeyd etməsi  böyük qürurdur. Azərbaycan müstəqil dövlət olduğunu, müstəqil siyasət yürütdüyünü atdığı hər addımında təsdiqləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qonşuları ilə, bütün başqa ölkələrlə müstəqil siyasət əsasında münasibətlər qurur. Heç kim ölkəmizin  daxili işinə qarışa bilməz. Bu gün diqqət yetirsək,  Ermənistanın nə qədər havadarı olduğunu görərik. İşğalçı ölkəni dəstəkləyən nə qədər ölkələr var. Bu, onların suveren işidir. Baxmayaraq ki,  bu dəstək, havadarlıq nəticəsində işğalçı dövlət 30 ilə yaxın dövrdə  torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizi yerlə-yeksan edib, Azərbaycan xalqının bu yerlərə qayıtmayacaqları barədə xəyallar qurmalarına dəstək olublar. Azərbaycan bu dövlətlərin  beynəlxalq hüququn norma və prinsiplərinə zidd  yanaşmalarını ədalətsizlik kimi dəyərləndirsə də,  onların işğalçı dövlətlə münasibətlər qurmasına narazılığını dilə gətirməyib. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin təqdimatıdır.”

Millət vəkili qeyd edib  ki, Müzəffər Ali Baş Komandanın Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində, həmçinin Cəbrayıl rayonunda  bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirakı da hazırkı dövrün reallıqlarının nədən ibarət olduğunu açıqladı: “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərlərimizin baş planları hazırlanır. Ağdam və Şuşanın baş planı artıq təqdim edilib. Cənab İlham Əliyev   Cəbrayıl rayonuna səfəri çərçivəsində şəhərin bərpasının təməl daşını qoyub. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda   bərpa və  quruculuq işlərinə başlanılması göstərdi ki, Azərbaycan döyüş meydanında, siyasi müstəvidə istənilən gücünü göstərmək, çətin sınaqlardan çıxmaq təcrübəsinə malik qüdrətli ölkə kimi öz torpaqlarının sahibidir. Dövlət başçısının bu ərazilərimizə səfərlərində infrastruktur layihələrinin uğurlu icrasına xüsusi önəm verilməsi diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışında,  Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyulmasında iştirakı da yol infrastrukturunun yenilənməsinə göstərilən diqqətin tərkib hissələridir. Bu da öz növbəsində yaxın gələcəkdə işğaldan azad edilmiş rayonlarımızın  inkişafına öz müsbət təsirini göstərəcək.”

Əliabbas Salahzadə  diqqəti  Prezident İlham Əliyevin nitqində yer alan digər mühüm məsələlərə də yönəldib: “Postmünaqişə dövrünün əsas reallıqlarından, çağırışlarından biri Azərbaycan dövlətinin Ermənistana təklif etdiyi sülh müqaviləsidir. Hələ qarşı tərəf bununla bağlı konkret fikrini bildirməyib.  Cənab İlham Əliyev bir daha Ermənistanda revanşist qüvvələrə bu xəbardarlığı etdi ki, ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir.  Əgər bir daha Azərbaycana  qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki