image-img-20211222-wa0007backend

Enerji ehtiyatlarının ixracı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində başlıca amildir

image-reklam_sirab_01

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən Prezident İlham Əliyev İtaliyanın «İl Sole 24 Ore”» qəzetinə müsahibələrində Avropa dövlətlərinin əsas enerji təminatçısı olan Azərbaycanla qitə dövlətləri arasındakı münasibətlərdən danışaraq vurğulamışdır ki, bizim ixrac bazarımız ilk növbədə əsasən Türkiyə və Gürcüstan olsa da, sonrakı mərhələdə ölkəmizin ən böyük qaz istehlakçısı İtaliya, Yunanıstan və Bolqarıstandır. Qitə dövlətlərinin enerji böhranından çıxarılması üçün Azərbaycanın enerji coğrafiyasını genişləndirmək potensialı mövcuddur. «Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir» söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal iş aparılır.
İllərin təcrübəsi təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Ölkə başçısı bildirmişdir ki, Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttinin inşası bir neçə il davam edib. «Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Bizim Avropaya ixracımız rəqabət təşkil etmir. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində enerji ehtiyatlarının ixracı başlıca amildir. Təbii ki, bu məqamda Cənub Qaz Dəhlizinin potensialından istifadə unudulmamalıdır.
İtalyan jurnalistin qeyd etdiyi kimi, Azərbaycan Transadratik qaz kəmərini iki dəfə uzadaraq Yunanıstandan Burqasadək çatdıra bilər. Texniki baxımdan çox mürəkkəb, tələb olunan vəsait cəhətdən çox bahalı olan və möhkəm iradə, qarşılıqlı inam tələb edən Cənub Qaz Dəhlizinin 4 seqmentinin əsas maliyyə yükünü öz üzərinə götürən Azərbaycan layihənin tam başa çatmasından əvvəl avropalı istehlakçılarla müqavilələr imzalamışdı. Ölkə başçısı İlham Əliyev müsahibəsində perspektivlərdən də söz açaraq bildirmişdir ki, avropalı istehlakçıların tələbinə uyğun olaraq hasilatı artırmaq imkanımız vardır və Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi.
Prezident İlham Əliyev Brüsseldə vədini yerinə yetirən bir dövlət başçısı kimi çıxış etməklə, enerji layihələrinin reallaşmasında, hasilatçı və istehlakçı ölkələr arasında əməkdaşlığın güclənməsində, tərəfdaşlıq formatının yaranmasında yaxından iştirak edən Avropa İttifaqı ilə münasibətləri də yüksək qiymətləndirdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki