image-indirbackend

Erməni yalanları ifşa edilməlidir

image-reklam_sirab_01

ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir. ABŞ prezidenti bu ifadəni işlətməklə açıq şəkildə beynəlxalq hüququ pozaraq 106 il bundan əvvəl olmuş hadisədə Türkiyəni günahlandırır. Ancaq son illər ərzində ermənilər tərəfindən bilavasitə Azərbaycanın başına gətirilən cinayətlərlə, insanlığa sığmayan hərəkətlərlə ən əsası 30 il bundan qabaq real həyatda baş vermiş ermənilərin Azərbaycanın Xocalı  şəhərində törətdikləri XX əsrin ən qəddar  soyqırımı aktına  ədalətli qiymət verməkdə çətinlik çəkir.

Aprelin 24-də Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın yanlış olduğunu önə çəkərək onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu böyük məmnunluq hissi ilə vurğulanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bəyanatları, həmçinin siyasətçilərimizin, ziyalılarımızın, sadə vətəndaşların ABŞ Prezidentinin məlum tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətləri də bu birlikdən, hər zaman haqqın, ədalətin yanında olmaqdan irəli gəlir.

Baydenin və Türkiyənin başqa müttəfiqlərinin saxta erməni iddialarını dəstəkləməsinin əsasında rəsmi Ankaraya təzyiqlər durur. Bu yolla Türkiyənin müstəqilliyinə mane olmağa çalışırlar. Ancaq Azərbaycanın dərdi, çətinliyi Türkiyənin olduğu kimi, Türkiyənin də dərdi və çətinliyi Azərbaycanındır. Odur ki, Baydenlər çürük erməni ideyaları ilə Türkiyəni, ABŞ-ın NATO-dakı müttəfiqini “sındırmağa” nail ola bilməyəcək. 78 yaşlı Cozef Bayden dünyada, o cümlədən bütün regionlarda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət etməkdənsə, qarşıdurmalara dəstək verir, etniklərarası iğtişaşların yaranmasına, güclənməsinə yardım edir. ABŞ prezidenti erməni vətəndaşlarına komfort yaratmaqla da ayrı-seçkilik edir.   Təəssüf ki, prezidentliyinin 100 günü başa çatmayan Bayden hələ ki yadda iğtişaş yaradan, onu dəstəkləyən dövlət başçısı olaraq qalıb. Hər halda ABŞ-ın Türkiyəyə münasibəti təzadlıdır. O, gah müttəfiqi olan bu dövlətə terrorçu PKK, gah da saxta Ermənistanla təzyiq edir. Bu isə perspektivdə ABŞ-a etibarsızlıqla nəticələnə bilər.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair birgə bəyanatında hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bəyanatı ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törətdiyi qeyd olunub.Həmçinin bəyanatda bu reallıqlar önə çəkilir ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və məsələ bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir.

 

 

Aysel Mənsimova – YAP üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki