image-386183jpg-1668154392backend

Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”

image-reklam_sirab_01

“Ötən sərin 80- ci illərin sonunda Ermənistanın bizə qarşı ərazi iddiası ilə çıxış etməsi Azərbaycan cəmiyyəti üçün gözlənilməz oldu. Amma ermənilər uzun müddət buna hazırlaşmışdılar və öz təcavüzkarlığını ört- basdır etmək, dünyanı öz yalanlarına inandırmaq üçün bütün ölkələrdə və beynəlxalq təşkilatlarda “miatsum” ideyasının lobbiçilərini hazırlayıb yetişdirmişdilər. Ona görə də təcavüzün ilk illərində bütün dünya Azərbaycan tərəfindən guya Ermənistanın bir hissəsinin işğal olunduğunu düşünürdü və hətta ölkəmizə qarşı sanksiya da tətbiq olunmuşdu”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev bildirib.

C.Feyziyev qeyd edib ki, həmin illərdə həm ermənilər və həm də Moskva tərəfindən Azərbaycan məqsədli şəkildə informasiya blokadasına alınmışdı: “Bu blokadadan çıxmaq və bölgədə baş verən hadisələr haqqında əsl həqiqətləri dünya miqyasında tanıtmaq və qəbul etdirmək o qədər də asan məsələ deyildi. Birinci dünya müharibəsindən sonra bütün dünyaya səpələnmiş ermənilər türk dünyasına qarşı daimi düşmənçilik fəaliyyəti aparmaq üçün onilliklər ərzində təşkilatlanmışdılar. Ona görə Azərbaycanın haqlı mövqeyinə dəstək qazandırmaq üçün ilk növbədə erməni uydurmalarını ifşa etmək və dünya birliyi tərəfindən ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığının təsdiq edilməsinə nail olmaq lazım idi. Ona görə Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən göstərilən səylərin böyük bir hissəsi beynəlxaq arenaya istiqamətlənmişdi. Məhz bu səylər nəticəsində illər ərzində BMT TŞ çərçivəsində, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, NATO, İslam Əməkdaşlıq Şurası, Türk Şurası kimi mötəbər təşkilatlar tərəfindən Azərbaycanın mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul olundu və ona görə də 2020- ci ildə ermənipərəst qüvvələr beynəlxalq səviyyədə Vətən müharibəsinin və Azərbaycanın qələbəsinin qarşını ala bilmədilər”.

Deputat bildirib ki, Prezident İ.Əliyevin Zəfər bayramı münasibətilə etdiyi çıxışda bölgədəki mövcud vəziyyətlə bağlı Ermənistanın 10 noyabr tarixli Bəyannaməyə tam əməl etmədiyi vurğulanıb: “Ermənistanın atdığı addımlar onu göstərir ki, o 10 noyabr 2020- ci il tarixli Bəyannamə ilə üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa cəhd göstərir. Bu ilk növbədə erməni silahlı qüvvələrinin tam şəkildə Qarabağ ərazisindən çıxarılması və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Moskvanın bu məsələlərdə kömək edə bilməyəcəyini görən İrəvan indi Avropanın bəzi dövlətlərinə ümid bağlayır və Fransa- Türkiyə münasibətlərinin gərginliyindən sui- istifadə etməyə çalışır. Lakin Azərbaycan dövlətinin və şəxsən prezident Əliyevin bu barədə mövqeyi birmənalıdır. Prezidentin çıxışından da belə nəticəyə gəlmək olur ki, Ermənistan könüllü şəkildə öz phdəliklərini yerinə yetirməzsə, o buna məcbur edilə bilər. Ona görə də prezidentin nitqində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəkləməyə çalışan dövlətlərə də ciddi mesajlar yer alıb. Bu o deməkdir ki, istər İranın sərhədlərimizdə hərbi təlimlər keçirməsi, nə də Fransanın müxtəlif bəhanələrlə proseslərə müdaxilə etmək cəhdləri qəbul edilməzdir və Azərbaycan bu kimi çağırışlara layiqli cavab verməyə hazırdır. Bu məsələlərlə bağlı prezidentin mövqeyi kifayət qədər aydın və açıqdır. O öz çıxışında bildirdi ki, “…Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur.” Əminəm ki, Ermənistan və bütün digər maraqlı qüvvələr İlham Əliyevin kifayət qədər sərt ritorikasından lazımi nəticələri çıxaracaqlar.

Ən başlıcası, Ermənistan siyasi rəhbərliyi və erməni cəmiyyəti bölgədən kənar güclərin Azərbayana təzyiq göstərməsi ilə onlar üçün hansısa üstünlüklər əldə olunacağına ümid etməməlidir. Bu bölgədə güc sahibi də, söz sahibi də Azərbaycandır. Onlar anlamalıdır ki, Ermənistanın təhlükəsizliyi xarici qüvvələrdən yox, yalnız Azərbaycanla münasibətlərin normallaşdırılmasından və bütün qonşu ölkələrlə sülh şəraitində yaşamaqdan asılıdır. Yalnız bu halda Ermənistanda və bütövlükdə bölgəmizdə dayanıqlı sülhə və davamlı inkişafa nail olmaq mümkündür”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki