Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev çox mühüm məsələlərə toxunub. Qeyd edilməlidir ki, ölkə başçısının hər bir açıqlaması onun vətəndaşlarımıza verdiyi dəyəri göstərir və ölkəmizin bundan sonrakı gələcəyinin də uğurlu inkişafından xəbər verir.
Prezident İlham Əliyev müsahibəsi zamanı insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olacağını və iqtisadi imkanlarımız artıqca gələcəkdə bu kimi addımların atılacağını qeyd edib. Müsahibə zamanı ölkə başçısı qeyd edib ki, “Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb”. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatıb. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaqdır.
Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Həmçinin bu il Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdan çox olacaqdır.
Ölkə başçısı müsahibəsi zamanı dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşünə toxunaraq Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüquqlarının olduğunu və dövlət tərəfindən bu məsələnin beynəlxalq arenaya çıxarıldığını da söyləyib. Prezidentin bu fikirləri Qərbi azərbaycanlılarda öz doğma yurdlarına tezliklə qovuşmaq inamını daha da artırıb. Çünki hər bir azərbaycanlı yaxşı bilir ki, Ali Baş Komandan hər zaman verdiyi sözü tutur. Biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərlə bir daha bunun şahidi olduq.
Müsahibə zamanı dövlət başçısı bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcəyini də vurğulayıb. Qeyd edək ki, keçən il bu kateqoriyadan olan ailələrə artıq 1500 mənzil verilib. Şəhid ailələrinə və vətən müharibəsi əlillərinə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Onların sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır.
Prezident İlham Əliyev dünən verdiyi müsahibədə toxunduğu digər mühüm məsələlər Fransanın anti-Azərbaycan münasibəti və Ermənistanın, 30 il ərzində olduğu kimi, yenə də danışıqlar prosesini pozması ilə bağlıdır. Bu gün Ermənistanı dəstəkləyən və silah vermək istəyən ölkələr var. Bunun hansı dövlətlər olduğunu həm Prezidentimiz, həm Azərbaycan xalqı yaxşı bilir. Əsasən Fransa dövləti açıq şəkildə Ermənistanın işğalçı siyasətini dəstəkləyən addımlar atır. Əslində Vətən müharibəsində əldə etdiyimiz qələbə erməni havadarlarının, xüsusən də Fransanın planlarını alt-üst etdi. Onlar bütün cəhdləri ilə Dağlıq Qarabağ münaqişəsinin bitməməsinə və status-kvonun saxlanılmasına çalışırdılar.
Təəssüf ki, Ermənistan hakimiyyəti hələ də nə etdiyini bilmir. Ermənistan tərəfinin cənab Prezident İlham Əliyevin xəbərdarlığına qulaq asıb, sülh müqaviləsini imzalaması daha yaxşı olar. Çünki havadarlarının köməyi onları xilas etməyəcək. Ermənistan bu dəfə də havadarlarına qulaq assa, onları Vətən müharibəsindəki məğlubiyyətdən də ağır bir aqibət gözləyir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor