image-gullu-yologlu-1backend

ETNOEKOLOGİYA-XALQIN TƏBİƏTƏ MÜNASİBƏTİ, MƏDƏNİYYƏTİ

image-reklam_sirab_01

“İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər” (İlham Əliyev)

Etnoekologiya elmində müxtəlif yerlərdə yaşayan ayrı-ayrı insan qruplarının ətraflarındakı ekosistemi dərk etmələri və ətraf mühitə münasibətləri araşdırılır.  Ekologiya canlı orqanizmlərlə ətraf mühitin qarşılıqlı əlaqəsi deməkdir. Etnoekologiya isə bu canlı orqanizmlərin insan, xalq olaraq təbiətə münasibətini göstərir…

Türk xalqlarının təbiətə münasibətini araşdırarkən görürük ki, onlar daim təbiətlə iç-içə yaşadıqlarından, onun nemətlərindən bəhrələndiklərindən, buna görə də ətraf mühitə hörmətlə yanaşdıqlarından heç vaxt yaşadıqları əraziyə ziyan vurmur, onu göz bəbəyi kimi qoruyur. Çünki dağların, meşələrin nemətlərindən tək özləri yox, eyni zamanda onların övladları, övladlarının övladları, bir sözlə, gələcək nəsillər bəhrələnəcəklər. Bu baxımdan təbiətə münasibət yerli və gəlmələrdə müxtəlif olur.

Ermənilər də 30 il işğal altında saxladıqları ərazilərə gəlmə kimi yanaşaraq, dağıdıcı, tükədici, talançı münasibət göstərərək, sözün əsl mənasında bölgənin tək şəhər və rayonlarını deyil, eyni zamanda meşələrini, sularını, dağ-daşını belə ekoloji terrora məruz qoyublar. Bu bir daha o deməkdir ki, onlar özləri də burada çox qala bilməyəcəklərini dərk edirdilər. Məhz bu səbəbdən də qurub yaratmaq əvəzinə dağıdıb talan etməyə, bacardıqları qədər Azərbaycanın digər ərazilərində də problem yaratmağa çalışıblar.

Qeyd edək ki, Suqovuşanın oktyabrın 3-də erməni işğalından azad edilməsi regional eko-balansın bərpasına böyük və əvəzsiz imkan yaratdı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki çıxışında Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsini “böyük uğurumuz, böyük qələbəmiz” adlandırır. Çünki Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən də əhəmiyyətli idi. Qəsəbənin yerləşdiyi yerin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmiş Suqovuşan su anbarı yerləşir. Bu su anbarının əsas məqsədi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. Ermənistan bunu bilərək bizim həmin rayonlara qarşı terror, “su terroru” törədirdi. “İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər”. Bu barədə Avropa Şurası Parlament Assambleyasının sessiyasında xüsusi məruzə təqdim olunmuşdur. Nəticədə, Avropa Şurası Parlament Assambleyası tərəfindən “Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında 2016-cı il 26 yanvar tarixli Qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir: “.. Assambleya tərəfindən hesab edilir ki, qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qəbul edilməli və bu hal bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və orada yaşayan əhalinin normal həyatının mümkünsüz edilməsinə yönəlmiş “ətraf-mühit aqressiyası” kimi qəbul edilməlidir”.

Məlumdur ki, günümüzdə dünyada mövcud olan su qıtlığı yerüstü su ehtiyatlarının 72,7 faizinin ölkə xaricində formalaşan Azərbaycanda da problem kimi qalır. Ermənistan hər il transsərhəd su ehtiyatlarını kimyəvi və bioloji maddələrlə çirkləndirir. 1994-cü ildən başlayan atəşkəsdən sonra Ermənistan tərəfindən Sərsəng su anbarı da bağlanmışdı. Onlar su anbarını o hala salmışdılar ki, daşma ehtimalı çox yüksək idi. Əgər bu baş verərdisə, Azərbaycanın 5 regionu, 400 minə yaxın insanı, bioloji müxtəlifliyi su altında qala bilərdi.

Azərbaycan 1992-ci ilin martında BMT-nin “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nı imzalamış, Ermənistan isə buna qol qoymamışdır. Elə təkcə bu fakt onu göstərirdi ki, Ermənistan çirkin niyyətini öncədən planlaşdırmışdı.

Təbii ki, ermənilərin terroru su ilə bitmirdi. Çoxillik ağacların kəsilməsi də bərpası yüz illər aparan ekoloji terrordur. Onlar bu ağacları rahatlıqla kəsmiş, evləri, tarixi abidələri soyuqqanlıqla dağıtmış, yeraltı, yerüstü digər sərvətlərimizi acgözcəsinə talan etmişdilər. Çünki o ağacları onların ulu babaları əkməmiş, evləri onların dədələri tikməmişdir. O tarixi abidələrdən isə gəlmə valideynlərinin xəbərləri də yox idi. Təkcə qədim alban abidələrinin baxımsız, xaraba halı buna tutarlı sübutdur… Ermənilər Kəlbəcər və Laçın rayonlarını boşaltmaq üçün onlara verilən vaxtdan istifadə edərək 30-dan çox su elektrik stansiyasını da dağıtdılar. Niyə? Çünki bilirdilər ki, bir də bu yerlərə qayıtmayacaqlar…

Qeyd etmək lazımdır ki, bu terror tək Azərbaycana qarşı yönəldilməmişdir. Ermənistan regionun bütün ölkələri üçün təhlükə mənbəyidir. Əgər bu dövlət hələ də “Metsamor” Atom Elektrik Stansiyasından (AES) istifadəni davam etdirmək istəyirsə, onların bu istəyinə təkan verənlər də varsa, yaxın gələcəkdə region ölkələrinin hər biri bunun ağır nəticəsini yaşaya bilər. Ona görə də yalnız Azərbaycan beynəlxalq təşkilatları buna yol verməməyə çağırmamalıdır. Bizim səsimizə digər ölkələr də səs verməlidirlər.

Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirərək torpaqları azad edib ekoloji terrora son qoydu. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bizə bu tərəfdən ziyan vura bilmə imkanları əllərindən çıxdı. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. “Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı konkret addımlar atılır”. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilmiş, yeni su anbarlarının tikintisi də gündəlikdə öz yerini tutmuşdur. Bu da o deməkdir ki, artıq bu su şəhidlərimizin qanı ilə qarışıb işğaldan azad edilmiş torpaqlarımızın cadar-cadar olmuş dodaqlarına süzülərək boz çölləri yaşıl, güllü, çiçəkli cənnətə çevirir. Və bu cənnəti Qarabağda Ali Baş Komandan yaratdı…

Güllü Yoloğlu

tarix elmləri doktoru, türkoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki